Media təmsilçiləri Əvəz Zeynallının həbsini siyasi sifariş hesab edirlər

DSC_8426

Martın 13-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı onun hüquqlarının Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Tədbirdə iştirak edən media mənsubları jurnalistin həbsinin siyasi sifariş olduğunu bildiriblər.

Mətbuat konfransında çıxış edən Ə. Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Təhqiqat Qrupunun rəhbəri Əfqan Muxtarlı bildirdi ki, biz əvvəldən də Əvəz Zeynallının ağır siyasi motivlərlə həbs olunduğunu bildirmişdik. “Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində oxunan hökm bunu sübut etdi. Bir ilə yaxın gedən məhkəmə prosesində külli miqdarda qanun pozuntularına yol verildi. İstintaq tərəfindən şahidlərin heç biri ilə baş redaktor arasında üzləşdirmə prosesi aparılmayıb. Məhkəmə istintaqın hazırladığı, əsaslandıra bilmədiyi bütün əskiklikləri hökmə daxil etdi”,-deyə Muxtarlı əlavə edib.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, jurnalistin həbsi siyasi sifarişdir və jurnalistə 9 il həbs cəzasının verilməsi Azərbaycanın müstəqil  jurnalistikasına olan təzyiqdir.

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Asossasiyasının sədri Elşən Həsənovun fikrincə, bu gün bir müstəqil qəzetin baş redaktorunun heç bir əsas olmadan 9 il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanın ədliyyə sisteminin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev hesab edir ki, həbsdə olan jurnalist Əvəz Zeynallı, Hilal Məmmədov və digər siyasi motivlə həbs edilmiş şəxslər tezliklə azadlığa buraxılmalıdır.

“Bizim Yol” qəzetinin əməkdaşı İdrak Abbasov bəzi qurumları çıxmaqla  siyasi partiya liderlərinin, QHT nümayəndələrinin, səfirliklərin və beynəlxalq təşkilatların jurnalistə belə ağır cəza verilməsinə reaksiya verməməsindən  təəssüf hissi keçirdiyini bildirdi.

“Xural” qəzetinin kommersiya direktoru Nizami Həsənli məhkəmə prosesinin getdiyi 17 ayda bir çox şeylərin şahidi olduqlarını dedi. O proses müddətində əllərində olan rəsmi sənədləri dəlil olaraq məhkəməyə təqdim etdiklərini ancaq məhkəmənin bunu nəzərə almadığını bildirdi.

Previous Post

Quba jurnalistlərinə hökm oxunacaq

Next Post

Jurnalistin müdafiəsi ilə bağlı növbəti aksiya keçirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.