Quba jurnalistlərinə hökm oxunacaq

quba 2

Martın 12-də Xaçmaz rayon məhkəməsində hakim Anar İbrahimovun sədrliyi 2012-ci il martın 1-də Qubada baş vermiş iğtişaşlara görə həbs edilmiş “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə jurnalistlərin vəkilləri çıxış edərək jurnalistlərin hər hansı cinayət əməli törətmədiyini, məhkəmə zamanı irəli sürülmüş ittihamların sübut olunmadığını, həmçinin  həbs edilən zaman jurnalistlərin vəkillə təmin edilmədiyini, işgəncələrə məruz qaldığını məhkəməyə bildiriblər və məhkəmədən jurnalistlərə bəraət verilməsini istəyiblər.

Məhkəmədə son söz deyən jurnalistlər təqsirsiz olduqlarını bildiriblər və məhkəmədən ədalətli qərar çıxarmağı xahiş ediblər.

Jurnalistlərin vəkili Rəşid Hacılı məhkəmədən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi müsahibədə bildirib ki, həbs edilmiş jurnalistlər öz konstitusion hüquqlarından istifadə etmişlər. “Jurnalistlər cəmiyyətdə etiraz doğura biləcək məlumatları da yaya bilərlər. Jurnalistlərə qarşı bu cür absurd ittiham irəli sürən şəxslərin ölkə Konstitusiyası və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdən xəbəri yoxdur”,-deyə Hacılı əlavə edib.

Qeyd edək ki, martın 15-də jurnalistlərə hökm oxunacaq.

Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. İcra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində regional “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Jurnalistlərə qarşı 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Previous Post

Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edildi

Next Post

Media təmsilçiləri Əvəz Zeynallının həbsini siyasi sifariş hesab edirlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.