MEDİA HÜQUQU İNSTİTUTU DAHA BİR HESABATINI AÇIQLAYIB

dekabr 18th, 2007

 Media Hüququ İnstitutu Azərbaycanda bilgi azadlığının durumu ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatda göstərilir ki, araşdırmalar 2006-cı ilin sentyabrında başlayıb, 1 oktyabr 2006 – 15 dekabr 2007-ci il dövrünü əhatə edir.

Sənəddə əsas nöqsanlardan biri kimi İnformasiya Məsələləri üzrə Müvəkkilin təyin olunmaması göstərilib. Araşdırma dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, qanunvericilik və məhkəmə qurumlarına, bələdiyyələrə, başqa ictimai bilgi sahiblərinə, cəmi 191 quruma 601 sorğu verilib. Sorğulardan 195-nə cavab verilib. 406 sorğuya heç bir cavab verilməyib. 195 cavabdan 106-sına cavab qanunla müəyyən olunmuş müddət içində verilib. 72 cavab soruşulan bilgiləri tam əhatə edib. 123 cavab isə yarımçıq olub. Yəni, 601 sorğudan cəmi 49-na qanunla müəyyən olunmuş 7 günlük müddətdə və mahiyyət üzrə cavab verilib. 

     Hesabatda vurğulanır ki, məhkəmə hakimiyyəti informasiya azadlığını dəstəkləmir. Məhkəmə hakimiyyəti müstəqil olmadığından onlar bilgi sorğuları ilə bağlı dövlət orqanlarına qarşı şikayətlərə mahiyyəti üzrə baxmaqdan, dövlət orqanlarına “Sizə qarşı məhkəmə iddiası var” deməkdən belə çəkinirlər. Məhkəməyə verilmiş 54 şikayətdən yalnız 12-nə mahiyyəti üzrə baxılıb. Onlardan 5-i üzrə müsbət (bilgi verməyə məcbur edən), 7-i üzrə isə mənfi qərar çıxarılıb. 30 şikayət bəzən tam əsassız bəhanələrlə geri qaytarılıb.