MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMUNA DAİR HESABAT AÇIQLAYIB

Media Hüququ İnstitutu (MHİ) medianın durumu ilə bağlı 2010-cu il üçün illik hesabatını açıqlayıb. “Turan” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, hesabat 2010-cu ildə Azərbaycan mediasının hüquqi durumunun statistika və analizini əhatə edir.

Hesabatdakı ümumiləşdirmələr, nəticələr Azərbaycan mediasında il ərzində baş verən hadisələrin monitorinqinə söykənir. MHİ-yə tədqiqatların aparılmasında və hesabatın hazırlanmasında Norveç Xarici İşlər Nazirliyi dəstək verib.
            Hesabat 6 bölmədən ibarətdir. Sənəddə 2010-cu ildə həbsdə olunan 7 jurnalistdən 6-nın azad edildiyi vurğulansa da, barəsində Avropa Məhkəməsinin dərhal həbsdən azad edilməsi qərarı olmasına baxmayaraq, jurnalist Eynulla Fətullayevin azad olunmaması və ona veriləcək təzminatın ödənməməsi də yer alıb. Sənəddə həmçinin “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun il ərzində 9 dəfə basqıya məruz qaldığı, səyyar qəzet satıcılarına problemlər yaradıldığı da əksini tapıb.
                 Məhkəmə işlərinə gəlincə, hesabatda 2010-cu ildə mediaya qarşı 71 məhkəmə davası açıldığı, bunların 40-nın mülki, 31-nin xüsusi ittiham qaydasında olduğu qeyd edilir.
            Mənbə jurnalistlərin demək olar ki, bütün hallarda idarəetmə orqanlarında neqativləri aşkar etdiklərinə görə yüksək rütbəli şəxslər tərəfindən məhkəməyə verildiklərini nəzərə çatdırır.
                 Sənəddə qeyd edilir ki, 2010-cu ildə jurnalistlər 106 dəfədən artıq fiziki və psixoloji basqıya, hədələməyə məruz qalıb. Basqıların böyük hissəsi tənqidçi xəbər mediasının nümayəndələrinə yönəlib. Basqılara həm adi şəxslər, həm də polis və digər dövlət qurumlarının nü-ma-yəndələri yol veriblər.
                 Ölkədə teleradio yayımın hökumətin nəzarətində olması sənəddə xüsusi vurğulanır. Milli TeleRadio Şurasının (MTRŞ) kiçik efir səhvinə görə ANS-i cəzalandırdığını, amma insanın şəxsi həyatına kobud müdaxiləsinə və efir etikasını pozmasına baxmayaraq, “Lider” telekanalının hərəkətini müzakirə belə etmədiyini nəzərə çatdırır.
                 Hesabatda qeyd edilir ki, 2010-cu ildə media qanunvericiliyinin inkişaf etdirilməsi yönündə nəzərəçarpan addımlar atılmayıb. Hesabatda deyilir ki, 2009-10-cu illər İnternetin Azərbaycana gəlişindən bəri bu sahədə baş verən irəliləyişlərin ən qabaqcıl dövrü kimi xarakterizə edilə bilər. Bu dövr sənəddə Azərbaycan əhalisinin sosial şəbəkələrə üzvlüyünün ciddi artım dövrü, belə şəbəkələrdə müzakirələrin dərəcəsinin ötən illərlə müqayisə edilməyəcək dərəcədə yüksəlməsi dövrü sayılır.
Previous Post

TƏLƏBƏ-JURNALİST ADNA REKTORUNA QARŞI YENİDƏN İDDİA QALDIRIB

Next Post

BÖHTAN İDDİASI İLƏ TƏHSİL EKSPERTİNƏ QARŞI VERİLƏN ŞİKAYƏT İLKİN MƏHKƏMƏ İNSTANSİYASINA QAYTARILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.