HƏKİM EKSPERTLƏRİN YALAN DANIŞDIĞI MƏLUM OLUB

Bu gün Yasamal Rayon məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə Zahidovun vəkili Elçın Sadıqovun vəsatətlər qaldırması ilə başladı. Vəkil dindirilən şahidlərin təzyiqə məruz qalmaları və hədələnmələri barədə lent yazısının mövcud olduğunu bildirdi və yazının işə əlavə olunmasını istədi. Sadıqov əlavə etdi ki, “lazım gələrsə həmin lentə məhkəmədə də qulaq asa bilərik”. Hakim isə bunu məhkəmə baxışından kənar sübut kimi qiymətləndirərək vəsatəti rədd etdi.
Sadıqovun ikinci vəsatəti məhkəməyə gəlməkdən imtina edən iki şahidin məhkəməyə məcburi qaydada gətirilməsi ilə bağlı oldu. Hakim bu vəsatəti də təmin etmədi. Üçüncü vəsatəti qaldıran vəkil Sevgiladə Quliyevanın qohumlarının dindirilməsi üçün onların məhkəməyə dəvət edilməsini istədi. O  qeyd edtdi ki, “bu insan əvvəllər oğurluğa görə axtarışda olub. Dövlət ittihamçısı əvvəlki vəstətlər kimi  bu vəsatətə də etiraz etdi və vəsatətin təmin olunmamasını hakimdən xahiş etdi. Hakim  vəsatəti təmin etmədi.
Daha sonra həkim ekspertlər (Allahyarov Nuru – Zahidovu müayinə etmiş həkim, Allahverdiyev Ceyhun – Vüsal Həsənovu müayinə etmiş həkim və Abbasov Fəxrəddin – hər ikisini müayinə etmiş həkim) şahid qismində məhkəmə zalına çağırıldı. Vəkillər Elçin Sadıqov və Osman Kazımov ekspertlərə Zahidovun və Həsənovun müayinəsi barədə suallar verdilər. Ekspertlər verilən sualları demək olar ki, eyni cavablar veriblər. Allahyarov Nuru bildirdi ki, Zahidovu müayinə etdikdən sonra baş redaktorun başının sağ tərəfində şişkinlik və qolunda qançır müşahidə edib. Vəkil Elçin Sadıqov isə həkimə sual verdi ki, “bəs nəyə görə bu rəydə qeyd olunmayıb?”, həkim sualı cavablandırmaqdan yayındı. Digər vəkil Osman Kazımov həkimə sualla müraciət etdi: “Sınıqları hansı dərmanlarla müalicə edirlər””, həkim cavabında bildirdi ki, “kalsium tərkibli dərmanlarla”. Osmanov həkimdən kalsium tərkibli bir neçə dərmanın adının çəkməsini xahiş etid. Həkim belə dərmanlardan bir neçəsinin adını çəkdikdən sonra Osmanov vurğuladı ki, “Həsənovun hansı dərmanlarla müalicə olunduğu sənəddə isə demidrol, analgin və qlükoza kimi dərmanların adları var, bu dərmanlarla isə sınıq müalicə edilmir”.    
Fasilədən sonra Zahidovun şəxsi müayinəsini, Zahidovla Sevgiladə Quliyevanın üzləşdirilməsini və Zahidovla Vüsal Həsənovun üzləşdirilməsini əks etdirən video lentə baxılıb.
Sevgiladə Quliyeva üzləşdirmə prosesində nalayiq ifadələr işlətdiyi üçün bu prosesi əks etdirən videosüjet tam izlənilməyib. V. Həsənovla Zahidovun üzləşməsi zamanı isə videosüjetdən görünür ki, Həsənovun üzündə heç bir xəsarət izi olmayıb. Bu videosüjetin davamının izlənilməsi növbəti məhkəmə prosesinə saxlanılıb. Proses 19 fevral saat 11.00-a təyin edilib.
a
Previous Post

RAFİQ TAĞI İŞƏ BƏRPA OLUNMAQ İSTƏYİR

Next Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİ İLƏ BAĞLI ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.