Sərdar Əlibəylinin cinayət işi üzrə məhkəmə başlayıb

oktyabr 3rd, 2013

Serdar Elibelyli 01

Oktyabrın 2-də Xətai rayon məhkəməsində həbsdə olan “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə ilk olaraq müdafiə tərəfi hakimə və dövlət ittihamçısına etiraz edib, ancaq etiraz qəbul olunmayıb.

Məhkəmədə jurnalistin himayəsində psixi xəstə övladı olduğunu nəzərə alaraq, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzedilməsi, kobud pozuntular olduğu üçün işin ibtidai istintaqa qaytarılması barədə verilmiş vəsatətləri məhkəmə təmin etməyib.

Məhkəmədə çıxış edən Sərdar Əlibəyli bəyan edib ki, ona qarşı açılmış cinayət işi onun hakimiyyəti kəskin tənqidlərinə görədir və onu  2 aydır girov saxlayırlar.

Qeyd edək ki, hakim məhkəmə  baxışını 14 oktyabr tarixinə təyin edib.

Xatırladaq ki, iyulun 31-də “Note- Bone” qəzetinin baş redaktoru Sərdar Əlibəyli axşam saatlarında “Nərimanov” metro stansiyasının yaxınlığında Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib və barəsində 2 sutka tutma haqqında qərar qəbul edilib. Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) ilə ittiham olunur. Avqustun 2-də Xətai rayon Məhkəməsi  barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qüvvədə saxlanılması barədə qərar verib. Jurnalist hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Əlibəyli ona qarşı irəli sürülən ittihamla razılaşmadığını və ittihamın qurama olduğunu, həbsinin səbəbi kimi son həftələrdə yazdığı sərt məzmunlu yazıları gördüyünü bildirir.