MİLLƏT VƏKİLİ JURNALİSTLƏRİN HƏBS OLUNMASINDA İSRARLIDIR

Millət vəkili, akademik Cəlal Əliyev “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan  və Qoşqar Bakılı barəsində xüsusi ittiham qaydasında qaldırdığı iddianın Nizami rayon məhkəməsində rədd olunması ilə bağlı apellyasiya şikayəti verib.  Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Azər Ayxan məlumat verib.

Onun sözlərinə görə, C.Əliyev apellyasiya şikayətində A.Ayxan və Q.Bakılının Cinayət Məcəlləsinin 147,1, 147,2 və 148-ci maddələri ilə ittiham olunmasına dair məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə Nizami Rayon Məhkəməsinin qərarını ləğv edilməsini, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə apellyasiya qaydasında yeni qərar çıxarılmasını xahiş edib.
Qeyd edək ki, C.Əliyev “Yeni Müsavat”ın bu il yanvarın 5-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 10 fevral 2010-cu ildə Nizami rayon məhkəməsinin hakimi Ziya Əliyev iddia ərizəsinin qanunvericiliyin tələbələrinə uyğun hazırlanmadığını əsas gətirərək işə baxılmadan imtina edilməsi ilə bağlı qərar qəbul etmişdi.
Əlavə edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

PİTER SEMNEBİ PREZİDENT İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜB

Next Post

ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.