MİKLOŞ HARAŞTİ SƏFƏRİNİN YEKUNU İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

sentyabr 10th, 2009
Bu gün (10 sentyabr) ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycana 3 günlük səfərinin yekunlarıyla bağlı mətbuat konfransı keçirdi.

M.Haraşti jurnalistlərə məlumat verdi ki, səfəri çərçivəsində Azərbaycanın media nümayəndələri, KİV-lə bağlı təşkilatların rəhbərləri ilə yanaşı, həbsdə olan jurnalistlər – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayevlə də görüşüb. O, qeyd etdi ki, həbs olunmuş bloqçular Emin Milli və Adnan Hacızadə ilə görüşmək istəsə də, bunun hüquqi cəhətdən mümkün olmadığını bildiriblər.
“Ancaq həbsdə olan jurnalistlərin və bloqçuların məsələsini Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbənin müdiri Əli Həsənov, Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və ombudsman Elmira Süleymanova ilə görüşdə müzakirə etdik. Əli Həsənov bloqçuların həbsi ilə bağlı narahatlığımı bölüşdüyünü və məhkəmədə onların həbs cəzası almayacaqlarına ümid etdiyini bildirdi” – deyən M.Haraşti əlavə etdi ki, böhtan və təhqirə görə həbs məsuliyyəti nəzərdə tutan maddələrin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı məsələ də müzakirə predmeti olub. PA rəsmisi Əli Həsənov bu istiqamətdə iş getdiyini diqqətə çatdırıb. Xarici radiostansiyaların FM tezliyində yayımının dayandırılması, tənqidçi jurnalistika ilə məşğul olan jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən müxtəlif ittihamlarla həbs edilməsi, internet mediası ilə bağlı nəzarətedici qanunun qəbul edilməsi və s. media problemləri ilə bağlı da söhbət apardığını deyən ATƏT rəsmisi, bu istiqamətlərdə irəliləyişlərin olacağına ümid etdiyini diqqətə çatdırdı.  

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,312/lang,az/