PROBLEMLƏRİN BÖYÜK BİR HİSSƏSİ SÖZ VƏ MƏTBUAT AZADLIĞI İLƏ BAĞLIDIR

fevral 27th, 2008
“Bu gün Azərbaycanda insan haqları ilə bağlı problemlərin böyük bir qismi söz və mətbuat azadlığı, fikir azadlığı, informasiya azadlığı və ümumiyyətlə rəsmi qurumlardan məlumatın alınmasında şəffaflığın olmaması ilə bağlıdır ki, bu problemlərin həllinə ümid bəsləmək zorundayıq.

Çünki mətbuat cəmiyyətin ən döyüşkən təbəqəsidir”. Söz Azadlığı Müdafiə Fondunun icraçı-direktoru Məmməd Nazimoğlu  bu sözləri  “İnsan hüquqları XXI əsr – Azərbaycan “ Fondunun 2007-ci il üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatının təqdimat mərasimində deyib.
Tədbir zamanı məlumat verildi ki, hesabata ən aktual sahələr daxil edilib, onların arasında söz və mətbuat azadlığı, eyni zamanda informasiya azadlığı var. RATİ-nin əməkdaşının “hesabatın informasiya azadlığına dair müddəaları ilə razısınızmı” sualına Nazimoğlu  cavab verib ki, “əsas irad ondan ibarətdir ki, hesabatda faktlar sadalanıb, ancaq şərhlər verilməyib. Ümumilikdə bir jurnalist kimi  informasiya azadlığının bu günkü vəziyyətindən razı deyiləm. Və bu vəziyyəti yaradan amillərdən biri kimi qeyri-şəffaflığı qəbul edirəm.”
Əməkdaşımız Fondun prezidenti Şahin Camalova da sual verib. “Diffamasiya haqqında” qanunun qəbul edilməməsinin hesabata hansı səbəbdən salınmaması ilə bağlı suala Camalov qəribə cavab verib: “Bu qanun qəbul olunmayıb. Ümumiyyətlə mən bildim ki, siz jurnalistlərin həbs edilməsi ilə bağlı bu sualı verirsiniz. Jurnalistlərin həbsi ilə bağlı deyə bilərəm ki, Azərbaycan jurnalistikasının peşəkarlıqla bağlı ciddi problemi var. Biz heç vaxt istəməzdik ki, jurnalistlər həbs edilsin və ya jurnalistlərin hüquqları pozulsun. Amma Avropa təşkilatları da, bizim yerli ekspertlər də bildirirlər ki, Azərbaycan jurnalistikasında peşəkarlıq problemi var və bəzi jurnalistlərin peşəkarsızlığı bu tip problemlərin yaranmasına gətirib çıxaırır”.