ÜZEYİR CƏFƏROV “AZERCELL” ŞİRKƏTİNİ MƏHKƏMƏYƏ VERMƏKDƏ İSRARLIDIR

“Trend” İnformasiya Agentliyinin yaydığı məlumata görə, “Azercell” şirkətinin mətbuat katibi Rüfət Abbasov “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərova gələn hədələyici anonim zənglərlə bağlı polisin “Azercell” şirkətinə göndərdiyi sorğunun cavablandırmamasına münasibət bildirib.

O vurğulayıb ki, ““Azercell” istifadəçilərin məxfiliyini qanunvericiliyin tələblərinə uyğun qoruyur. Azərbaycan qanunvericiliyinə, GSM müqavilələrinin şərtlərinə və “Azercell”-də mövcud olan qaydalara əsasən abonentlərə dair məlumatlar, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə üçüncü şəxslərə təqdim edilmir. Cəfərov şirkətdən istədiyi məlumatı ancaq məhkəmə qərarı əsasında ala bilər”.
     Bununla bağlı Üzeyir Cəfərovun mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq. Jurnalist bildirdi ki, “dünən (26 fevral) telefon vasitəsilə Rüfət Abbasovla danışıb. Abbasov mənə dedi ki, biz sizi başa düşürük, lakin biz məxfiliyi təmin etməliyik, siz istədiyiniz məlumatı yalnız məhkəmə qərarından sonra ala bilərsiniz. Buna cavab olaraq “Azercell”-in nümayəndəsinə bildirdim ki, burada heç bir məxfilikdən söhbət gedə bilməz. Konkret olaraq mənə  yüzlərlə hədələyici zəng gəlib. Bu mənim həyatıma təhlükədir və bunun qarşısı qabaqcadan alınmalıdır”. Cəfərov onu da əlavə etdi ki, “mən dünən keçirdiyim mətbuat konfransındakı fikirlərimin üzərində dururam və 5 saylı polis bölməsindən rəsmi cavab məktubunu aldıqdan sonra “Azercell” şirkətini məhkəməyə verəcəyəm. Dünənki söhbət zamanı Rüfət Abbasov dediyim sözləri təkzib etməyimi məndən xahiş edib və bildirib ki, bu cür addımlarınız  şirkətin adına xələl gətirir. Onlar məni kimlərləsə səhv salıblar”.    

Previous Post

PROBLEMLƏRİN BÖYÜK BİR HİSSƏSİ SÖZ VƏ MƏTBUAT AZADLIĞI İLƏ BAĞLIDIR

Next Post

KİTABIN MƏHV EDİLMƏSİ HAQQINDA QƏRARDAN VERİLƏN ŞİKAYƏTƏ GƏLƏN AY BAXILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.