ZAMİN HACININ VƏKİLİNİN PROKURORLUQ QARŞISINDA QALDIRDIĞI VƏSATƏT QƏBUL OLUNMAYIB

“Yeni Müsavat” qəzetinin köşə yazarı  Zamin Hacının hüquqlarını müdafiə edən “Media Hüququ İnstitutu”nun vəkili Fariz Namazlının prokurorluq qarşısında qaldırdığı vəsatət qəbul olunmayıb.

Bu barədə RATİ-yə məlumat verən F.Namazlının sözlərinə görə, o, yanvarın 30-da Binəqədi rayon Prokurorluğuna, müstəntiq İlyas Seyidova  vəsatət ünvanlayıb. Vəsatətlə Akif Nağı və onunla bərabər daha 3 şəxsin Zamin Hacıya qarşı hücum etməsi faktı göstərilib və bu şəxslərlə bərabər A.Nağıya qarşı Cinayət Məcəlləsinin 132, 221 və 163.1-ci maddələri (xuliqanlıq, jurnalistin peşə fəaliyyətinin pozulması, fiziki təzyiq göstərmə) ilə cinayət təqibinin aparılması xahiş edilib:

        “Prokurorluq vəsatəti qəbul etməyib. Mənə bildirildi ki, yalnız rayon prokurorunun adına ünvanlanmış vəsatətlərə baxılır”.

      Vəkil F. Namazlı bu addımın “Kargüzarlıq haqqında” Prezident Fərmanına zidd olduğunu deyir və o, vəsatətinin 10 gün ərzində qəbul edilməyəcəyi halda prokurorluğa qarşı iddia ilə məhkəməyə müraciət edəcəyini bildirdi.
 
     Xatırladaq ki, ötən il dekabr ayının 12-də axşam saatlarında “Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı və adamları “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum edərək jurnalist Zamin Hacıya fiziki təzyiq göstəriblər. Baş vermiş hadisə ilə bağlı ilkin təhqiqat Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində aparılıb. Hazırda iş Binəqədi rayon Prokurorluğunda müstəntiq İlyas Seyidovun icraatındadır. A.Nağıya qarşı Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb.

Previous Post

“JURNALİST İSTƏMİRSƏ Kİ, ONU HƏDƏLƏSİNLƏR, VƏTƏNDAŞIN HEYSİYYATINA TOXUNMASIN, ƏSƏBLƏRİ İLƏ OYNAMASIN”

Next Post

YAP-ÇI DEPUTAT MTRŞ-NİN QƏRARINA ETİRAZ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.