TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİA QALDIRMIŞ ŞƏXSLƏRİN MƏHKƏMƏYƏ GƏLMƏLƏRİ BARƏDƏ VƏSATƏT VERİLİB

mart 19th, 2010
Bu gün (19 mart) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Təhsil Nazirliyinin (TN) nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası”nın (DQŞ) təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə proses keçirilib.

Prosesdə iddiaçı qismində vəkil Cavad Cavadov, cavabdeh qismində Ə. Osmanlı və onun vəkili Elçin Sadıqov iştirak edirdilər.

Sadıqov DQŞ tərəfindən müsbət qiymətləndirilən kitablardan birini və hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Şuraya yazdığı məktubları işin materiallarına əlavə edilməsi üçün hakimə təqdim etdi. Vəkil eyni zamanda Osmanlı tərəfindən hazırlanan yazıların analiz edilməsi üçün ekspertizanın təyin olunması və DQŞ-nın üzvlərinin özlərinin məhkəmə prosesinə cəlb edilməsi barədə vəsatət qaldırdı.
Hakim sənədlərlə və vəsatətlərlə tanış olması  üçün vaxtın tələb olunduğunu deyərək, növbəti prosesi 7 aprel saat 15.30-a təyin etdi.   
 
Xatırladaq ki, Ə. Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən DQŞ üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi (Böhtan) ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.