Deputat həbsdəki jurnalistin əfvi üçün prezidentə müraciət göndərib

1858008

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı  İlyas İsmayılov prezident İlham Əliyevə həbsdə olan jurnalist Əvəz Zeynallı ilə bağlı müraciət edib. Bu barədə bu gün (07 aprel) jurnalistin həyat yoldaşı Məlahət Zeynalova məlumat verib.

M. Zeynalova bildirib ki, deputat göndərdiyi müraciətdə prezidentdən Əvəz Zeynallının  2 il 5 aydan çox müddətdə cəza çəkdiyi üçün əfv edilməsini  xahiş edib.

“Əvəz Zeynallının məhkəmə hökmünə əsasən təqsirli bilindiyi külli miqdarda rüşvət alması və ona rüşvət verilməsinə dair vədi qəbul etməsi barədə ittihamlar yalnız ayrı-ayrı şəxslərin şahid ifadələri və birmənalı başa düşülməsi mümkün olmayan audio yazıları, mobil telefonlar vasitəsi ilə göndərilmiş SMS mətnləri üzərində qurulub. Mötəbərliliyi şübhə doğuran bu kimi ziddiyyətli və işin faktiki hallarına uyğunluğu məhkəmə istintaqı zamanı təkzibedilməz sübut növləri ilə təsdiqini tapmayan dəlillər vətəndaşı ağır cinayətə görə təqsirli bilib məhkum etmək üçün kifayət qədər əsas sayıla bilməz. Bütün bunları nəzərə alanda Əvəz Zeynallının təqsirli olması şübhə doğurur, bununla yanaşı onun barəsində məhkəmənin hökmü ilə tətbiq edilmiş cəza da həddən artıq ağır və qəddardır. Belə ki, məhkəmə Əvəz Zeynallıya cəza təyin edərkən onun himayəsində iki nəfər azyaşlı övladının (11 və 13 yaşlı qız uşaqlarının), qoca anasının olmasını və onun məsuliyyətini yüngülləşdirən digər halları nəzərə almayıb”,-deyə deputatın göndərdiyi müraciətdə qeyd edilib.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı  Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz  Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Avropa Məhkəməsi qərarlarının Avropa Şurasına üzv dövlətlər tərəfindən icrası ilə bağlı durum Nazirlər Komitəsinin 2013-cü il üzrə illik hesabatında qiymətləndirilib

Next Post

Anar Məmmədliyə qarşı cinayət işi məhkəməyə göndərilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.