Avropa Məhkəməsi qərarlarının Avropa Şurasına üzv dövlətlər tərəfindən icrası ilə bağlı durum Nazirlər Komitəsinin 2013-cü il üzrə illik hesabatında qiymətləndirilib

2 aprel 2014-cü ildə, Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrasına nəzarətlə bağlı özünün 7-ci illik hesabatını dərc edib. Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq, Nazirlər Komitəsi aidiyyəti dövlətlər tərəfindən Məhkəmənin qərarlarının icrasına nəzarət vəzifəsi daşıyır.
Nazirlər Komitəsinin press relizində bildirilir ki, 2013-cü il statistikası 2011 və 2012-ci illərin müsbət tendensiyasının davan etdiyini sübut etməklə yanaşı baxlan işlərin sayında ilk azalmanı üzə çıxarıb.
Ötən il Nazirlər Komitəsi 15 və 16 saylı Protokolları qəbul edib və sənədlər hələ də imza və ya ratifikasiya üçün açıqdır. Protokol №15 subsidiarlıq və mülahizə sərbəstliyi prinsipinə istinad edir. Protokol həmçinin Məhkəməyə müraciətin müddətini yerli məhkəmələrin çıxardığı son qərarın tarixindən sonrakı 6 aydan 4 aya azaldır. Protokol №16 Dövlətlərin ən yüksək instansiya məhkəmələrinə Konvensiya və onun protokollarında müəyyən edilmiş hüquq və azadlıqların şərhi və (və ya) tətbiqi ilə bağlı məsələlərdə rəy almaq imkanı verir. Yeni protokolun məqsədi bu cür məsələlərin işin Strasburqa çatmasından əvvəl həllini, bununla da Məhkəmənin resurslarına qənaət edilməsini və işlərin milli səviyyədə daha sürətli həllini təmin etməkdir. Protokol Konvesiyanın on iştirakçısı tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək.
Hesabatda vətəndaş cəmiyyətinin qərarların icrasına dəstək rolunun artdığı qeyd olunub.
Hesabatda Azərbaycan 2013-cü il ərzində “gücləndirilmiş nəzarət”də 11 işi olan ölkə kimi xarakterizə olunur.
Hesabatın ifadə və informasiya azadlığına həsr olunmuş “J” bölümündə Nazirlər Komitəsi Mahmudov və Ağazadə işinə istinad edir. Bu işdə, ərizəçilərin şikayəti Azərbaycanın kənd təsərrüfatında problemlərdən bəhs edən bir məqalədə bir siyasətçiyə və tanınmış kənd təsərrüfatı ekspertinə böhtan atmaqda ittiham olunaraq azadlıqdan məhrum olunmaları barədə idi. Bu işdə Konvensiyanın 10-cu maddəsinin pozuntusunu tanıyan Avropa Məhkəməsi diffamasiyaya görə azadlıqdan məhrum etmə cəzasının tətbiqini və jurnalistləri cəzalandırmaq üçün anti-terror qanunvericiliyindən əsassız istifadəni “jurnalistlərin kobud cəzalandırılması” kimi xarakterizə edib.

31 dekabr 2013-cü il tarixinə Azərbaycanla bağlı mühüm struktur və (və ya) kompleks problemləri olan və gücləndirilmiş nəzarət altında olan əsas işlər və ya işlər qrupları bunlardır: Mahmudov və Ağazadə qrupu (Konvensiyanın 10-cu maddəsinin pozuntusu, iş №35877/04), Məmmədov/Mikayıl Məmməddov (Konvensiyanın 3-cü maddəsinin pozuntusu, iş №34445/04), Mirzəyev qrupu (Konvensiyanın 6.1-ci maddəsinin pozuntusu, iş №50187/06) Muradov qrupu (Konvensiyanın 3-cü maddəsinin pozuntusu, iş №22684/05), Nemət Əliyev (Konvensiyanın 1 saylı Prokotolunun 3-cü maddəsinin pozuntusu, iş №18705/06).

Azərbaycan və digər ölkələrlə bağlı daha ətraflı məlumat üçün tam hesabatı burada oxuya bilərsiniz: http://www.coe.int/t/dghl/monitoring/execution/Source/Publications/CM_annreport2013_en.pdf

Previous Post

Jurnalist barəsində hökmdən apellyasiya şikayəti verilib

Next Post

Deputat həbsdəki jurnalistin əfvi üçün prezidentə müraciət göndərib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.