Deputatlar AŞPA-nı Azərbaycanda insan hüquqları durumuna diqqəti artırmağa çağırır

Press Reliz 

Strasburq, 1 oktyabr 2013

Azərbaycanla bağlı əsas qətnamənin yanvar ayında Avropa Şurası Parlament Assambleyasında qəbul olunmamasından bəri Avropa Şurasında Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı  keçirilən ilk geniş müzakirələr zamanı,  bu gün bir qrup Azərbaycanlı və beynəlxalq hüquq müdafiə qrupları “Seçkiqabağı təzyiqlər: Azərbaycanda insan hüquqları” adlı paralel tədbir keçiriblər. Tədbir ölkədə keçiriləcək 9 oktyabr prezident seçkisindən cəmi 8 gün, Azərbaycanın 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul etməsindən isə yeddi ay əvvələ təsadüf edir.

Tədbirdə Estoniya, Almaniya, İrlandiya, Latviya, Polşa, Rumıniya və Birləşmiş Krallıqdan olan deputatlar daxil olmaqla təxminən 70 iştirakçı iştirak edib. Tədbir Azərbaycandan olan QHT-lər İnsan Hüquqları Klubu və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Beynəlxalq Mediaya Dəstək (International Media Support), Platform London və Polşanın İnsan Hüquqları üzrə Helsinki Fondu tərəfindən təşkil olunub.

Tədbir zamanı İnsan Hüquqları Klubu Azərbaycanda hazırda siyasi motivli ittihamlarla həbsdə olan 142 şəxsin işi barədə məlumat verən  mühüm bir sənəd təqdim edib. RATİ tərəfindən təqdim olunan hesabat isə Azərbaycanda siyasi məhbusların durumu məsələsini ölkənin 2001-ci ildə Avropa Şurasına qoşulmasından bəri bu qurum qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi kontekstində təhlil edib.

Tədbirin həm-təşkilatçıları polşalı deputat Robert Biedron, estoniyalı deputat Maylis Reps və Birləşmiş Krallıqdan olan deputat Pol Flinn AŞPA-nı Azərbaycanın öz insan hüquqları öhdəliklərinin yerinə yetirməsinə görə cavabdehliyini təmin etmək üçün diqqəti daha da artırmağa çağırıb. İnsan Hüquqları üzrə Komissar Nils Muyjnieks fundamental ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının davamlı şəkildə pozulmasından, həmçinin bu hüquqların həyata keçirilməsinə görə tutulma və həbs hallarının baş verməsindən narahatlığını vurğulayıb.

İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin ziddinə olaraq, ölkədə fundamental azadlıqların davamlı pozulması hallarının baş verdiyini bildirərək qeyd edib ki, “heç kim Azərbaycanı Avropa Şurası üzvü olmağa məcbur etməyib”. RATİ sədri Emin Hüseynov isə vurğulayıb ki, ifadə azadlığına təzyiqlər xüsusilə çoxdur və bu, 9 oktyabr seçkilərinin azad və ədalətli keçirilməsi şanslarını aradan qaldırır.

Platform London təşkilatından Emma Hyuz  enerji sahəsində maraqlı olan şəxslərin nə üçün Azərbaycanda insan hüquqları məsələlərinə diqqət yetirməli olduqlarını izah edərək qeyd edib ki, yeni Avro-Xəzər boru kəməri Avropanın qeyri-demokratik və qeyri-sabit rejimdən  asılılığını artıracaq. Latviyalı deputat Lolita Çiqane tədbirin müzakirələr hissəsində çıxış edərək AŞPA-nın yanvar ayında Azərbaycanda siyasi məhbusların durumuna dair qətnamənin əleyhinə səs verməsini “heç kimin qürur duymalı olmadığı bir hərəkət” adlandırıb.

Azərbaycan nümayəndə heyəti, həmçinin AŞPA-nın monitorinq üzrə həm-məruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt tədbirə laqeyd yanaşaraq onda iştirak etməyiblər.

İnsan Hüquqları Klubu, RATİ, Beynəlxalq Mediaya Dəstək, Platform London və Polşanın İnsan Hüquqları üzrə Helsinki Fondu Azərbaycanın Nazirlər Komitəsinə qarşıdakı sədrliyini nəzərə alaraq ölkənin Avropa Şurası öhdəliklərini yerinə yetirməməsini xüsusilə ciddi məsələ adlandırıblar. Qeyd olunan təşkilatlar AŞPA-nı siyasi motivlilərlə həbs olunmuş şəxslərin qeyd-şərtsiz və dərhal azad olunması məsələsi başda olmaqla, Azərbaycanı Avropa Şurası qarşısındakı öhdəliklərinə görə məsul tutmaq üçün səyləri daha da artırmağa çağırır.

Previous Post

Azərbaycanda insan haqları: Avropa Şurasına sədrlikdən səkkiz ay əvvəl

Next Post

Sərdar Əlibəylinin cinayət işi üzrə məhkəmə başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.