“Mən hesab edirəm ki, “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun narahatçılığına səbəb yoxdur. Çünki, onun adının Avropa strukturlarında siyasi məhbus kimi qeydə alınmasına nail olmuşuq”.
Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu “Bizim yol” qəzetinin bugünkü (07 may) sayına verdiyi açıqlamasında bildirib.
“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Müşfiq Hüseynovla bağlı hüquq müdafiəçilərinə geniş material təqdim edib”, – deyə qeyd edən Cəfəroğlunun sözlərinə görə, məlumatda onun həbsinin siyasi motivlərlə olması şübhə doğurmur: “Bu materialları Avropa Şurasının komissarı Tomas Hammarberqə çatdırmışıq və bundan sonrakı işləri görmək üçün çalışmaq lazımdır”.
Xatırladaq ki, rüşvət almada ittiham edilən Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun çıxardığı 21 yanvar 2008-ci il tarixli qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi. Apelyasiya məhkəməsi jurnalistin şikayətinə baxaraq, yalnız həbs cəzasını 5 il müddətinə endirib.