MÜŞFİQ HÜSEYNOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (20 iyul) Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun səhhəti ilə əlaqədar vaxtından əvvəl həbsdən azad olunma iddiası ilə bağlı Əzizbəyov rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili İsaxan Aşurovun özü məlumat verib. “Hakim şikayəti təmin etməyib və Əzizbəyov rayon məhkəməsinin iddianın təmin olunmaması qərarının qüvvədə saxlanması barədə qarar çıxarıb” – deyən İ.Aşurov vurğuladı ki, Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Qeyd edək ki, məhkəmə prosesi  açıq keçirilməsinə baxmayaraq, Apellyasiya məhkəməsinin girişində RATİ-nin əməkdaşına məhkəməyə daxil olmağa icazə verilməyib. Məhkəmə əməkdaşları bildiriblər ki, KİV nümayəndələrinin və müşahidəçilərin iştirakı üçün vəkilin vəsatəti olmalıdır. Bununla bağlı vəkil İsaxan Aşurov RATİ-yə bildirib ki, proses açıq keçirildiyindən, müşahidəçilərin buraxılmaması qanun pozuntusudur.
Yaxın qohumu Cavidan Hüseynovun RATİ-yə verdiyi məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində Müşfiq Hüseynovun qəzetləri izləməklə bağlı problem həll olunub. Belə ki, M.Hüseynov “Bizim yol”, “Exo” və “Zerkalo” qəzetlərini oxumaq istəsə də, həbsxana əməkdaşları ona Penitensiar Xidmətdən qadağa olduğunu bildirmişdilər. Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov RATİ-yə məsələni həll edəcəyinə söz vermişdi. C.Hüseynov vurğuladı ki, artıq qəzet oxumaqla bağlı M.Hüseynova istədiyi qəzetləri oxumağa şərait yaradılıb.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

FREEDOM HOUSE TƏŞKİLATININ HESABATINDA AZƏRBAYCAN “AZAD OLMAYAN ÖLKƏLƏR” SİYAHISINDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.