2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun atası Tofiq Hüseynov nəhayət oğlu ilə görüşə bilib.
Bu Müşfiq Hüseynovun həbsdə olduğu 10 ay müddətində ilk dəfə atası ilə görüşü olub. Bu barədə məlumatı RATİ-yə şənbə günü (31 may) jurnalistlə görüşən yaxın qohumu Təhmasib Hüseynov verib.
Qeyd edək ki, jurnalistin atası Tofiq Hüseynov istintaq müddətində oğlu ilə görüşmək üçün iki dəfə müraciət etmişdi. Birinci müraciətinə cavab verən müstəntiq görüşü məqbul saymamışdı və heç bir səbəb göstərmədən Saatlı rayonundan Bakıya gələn təqaüdçü Tofiq Hüseynova geri dönməyi məsləhət bilmişdi. Atanın ikinci müraciətinə isə ümumiyyətlə heç bir cavab verilməyib.
Təhmasib Hüseynov bildirib ki, artıq görüşlərlə bağlı problem qismən həllini tapıb. Jurnalistlə 15 gündən bir görüşə icazə verilir.
Habelə Təhmasib Hüseynov jurnalistin saxlanma şəraiti, həbsxana administrasiyasının ona qarşı münasibətindən də heç bir şikayətinin olmadığını və hazırda müalicəsini davam etdirdiyini də söylədi.