MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ KƏSKİN AĞIRLAŞIB

Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə olunan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun səhhəti daha da kəskinləşib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna dünən (15  noyabr) jurnalistlə görüşən qardaşı Sərvər Hüseynov məlumat verib.

     Onun sözlərinə görə, görüş zamanı  jurnalist saxlanma şəraitindən və ona qarşı olan münasibətdən şikayət etməsə də səhhətindəki problemlərin kəskinləşdiyini bildirib.

     S.Hüseynovun sözlərinə görə intensiv müalicəyə baxmayaraq, bütün  müalicələr  uğursuzdur: “İki  həftə əvvəl  biz  onunla  görüşəndə çəkisi  64 kiloqram idi,  bu  gün  isə 57  kiloqram çəkisi qalib. “Sol  ağciyərin  infiltrativ  vərəmi dağılma  fazasında” diaqnozu  ilə 25  gündən  artıqdır ki,  müalicəyə başlamasına  baxmayaraq,  ağciyərində olan  dağılma  prosesi  hələ də davam  edir. Həm də Müşfiqin qara ciyərində də problemlər yaranıb. Müşfiq yüksək  temperatur,  tərləmə,    iştahasızlıq  və   halsızlıqdan çox  əziyyət  çəkdiyini  dedi.  Evdən  bütün  lazım olan ərzaqların  aparılmasına  baxmayaraq,  çox  yorğun,  halsız  olduğundan yemək  hazırlamaqda  çətinlik çəkir. Buna  görə də,  yaxşı  qidalana bilmir.”

      Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

DİFFAMASİYA VƏ İFADƏ AZADLIĞINA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

Next Post

NAZİRİN BAŞ REDAKTORA QARŞI İDDİASI MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.