NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ İLƏ DAVAM EDİB

Mayın 24-də  Nəsimi rayon Məhkəməsində  hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayevin işi üzrə məhkəmə prosesi keçirilib.

Proses zamanı ilk olaraq zərərçəkən qismində Eldəniz Rzayev dindirilb. O, ifadəsində təqsirləndirilənlər tərəfindən fiziki hücuma məruz qaldığını deyərək, bunun nəticəsində baş nahiyəsindən zərbə aldığını, üzünün sağ almacığında qızartıların yarandığını və üst dodağının şişdiyini bildirdi. Eldar Rzayev əlavə etdi ki, o Mərkəzləşdirilmiş Təcili Yardım Xəstəxanasında müayinə edilib və Nəsrəddin Tusi adına xəstəxanadan onun baş nahiyəsindən zərbə alması barədə ona rəy verilib.

Daha sonra məhkəmə tibb eksperti Bəhruz Məmmədov ifadə verib. Ekspert ifadəsində  zərərçəkmiş Eldar Rzayevin tibbi ekspertizası  zamanı onda  ürəkbulanma və qusma hallarının, eləcə də təpə nahiyəsində  yara, üzünün sol almacıq nahiyəsində zədə yarandığının  müəyyən edildiyini bildirib

Dövlət ittihamçısı Əsədulla Ramazanov xəsarətlərlə bağlı rəy üçün zərərçəkənin müalicəsinə ehtiyacın olub-olmadığını ekspertdən soruşdu. Ekspert cavabında travmatik müalicə üçün 4-5 həftəyədək müddətin lazım olduğunu bildirdi. Müdafiə tərəfin vəkilləri zərərçəkənin müayinə edildiyi xəstəxanalarda onun barəsində yekun tibbi rəyin məhkəməyə təqdim edilməsini hakimdən xahiş etdilər.

Hakim Elman Əhmədov  Nəsimi rayon Polis İdarəsinə hadisə baş verən gün müşahidə kamerası tərəfindən çəkilənlərin məhkəməyə təqdim olunması barədə göndərilən sorğuya cavab gəldiyini və  cavabda Mirəli Qaşqay küçəsində ümumiyyətlə, müşahidə kamerasının olmadığının qeyd edildiyini proses iştirakçılarına bildirdi.

Müdafiə tərəfin vəkilləri cavaba etiraz etdiklərini bildirdilər və müşahidə kamerasının  adıçəkilən küçədə deyil, Azadlıq prospekti, İzzət Həmidov və Eldar Tağızadə küçələrinin kəsişdiyi ərazidə olduğunu hakimə bildirdilər.

Fasilədən sonra müdafiə tərəfin dəvət etdiyi şahidlər ifadə veriblər. Hadisə baş verən günü həmin ərazidə xidmət edən polis əməkdaşları ifadələrində həmin günü heç bir insidentə rast gəlmədiklərini dedilər.

Müdafiə tərəfin vəkilləri təkrar ekspertizanın keçirilməsi barədə vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istədilər. Hakim  Əhmədov növbəti prosesi 27 may saat 10:15-ə təyin etdiyini bildirdi.

          Xatırladaq ki,  yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev  ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzullayev  Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı nasaz avtomobil olub.

            Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Pənahlının təqsiri sübuta yetirilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

            Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun həbsi "P.S. Nota" qəzetində hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.

Previous Post

JURNALİST PREZİDENTƏ YAZDIĞI ŞİKAYƏTƏ GÖRƏ KİRAYƏ QALDIĞI EVDƏN ÇIXARILIB

Next Post

BƏXTİYAR HACIYEVİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.