CABBAR SAVALANLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (7 iyul)   Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lətifə Hüseynovanın sədrliyi ilə gənc fəal Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 4 may 2011-ci il tarixdə çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

            İclasda Cabbar Savalanlı, onun vəkilləri Əsabəli Mustafayev, Anar Qasımov iştirak etsələr də,  dövlət ittihamçısı Azər Osmanov iştirak etmirdi.
             Gənc fəal C. Savalanlının hər iki vəkili vəsatət qaldıraraq, işə hal şahidi qismində cəlb edilmiş Vüsal Əliyev adlı şəxsin işinin tələb edilməsi, həmçinin narkoloji ekspert rəyi verən şəxslərin çağırılaraq məhkəmədə iştiraklarının təmin edilməsini məhkəmədən xahiş etdilər.
            Müşavirədən qayıdan hakim L. Huseynova müdafiə tərəfin vəkillərinin vəsatətlərinin təmin edildiyini bildirərək, növbəti prosesi 14 iyul saat 15:00-a təyin etdi.
            Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib.
             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

İŞ ADAMININ BAŞ REDAKTORA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

“HÜRRİYYƏT” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ DÖYÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.