Jurnalistə şərti cəza verilib

1343037316_shirin-ceferi

Mayın 20-də Kəpəz rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinə əsasən ittiham olunan “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfərinin  məhkəmə prosesi keçirilib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ş. Cəfəri məlumat verib.

Ş. Cəfərinin sözlərinə görə, bugünkü prosesdə müdafiə tərəfinin çıxışları dinlənilib. Belə ki, Ş. Cəfəri Vergilər Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çıxardıqları qərarın düzgün olmadığını deyərək, qəzetin tirajı, nüsxəsi, maaşlar və digər bu kimi aidiyyatı sualları cavablandırıb və məhkəmədən obyektiv qərar çıxarılmasını istəyib.

Öz növbəsində dövlət ittihamçısı Ş. Cəfəriyə 5 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Məhkəmə Ş. Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə (külli miqdarda vergidən yayınma) təqsirli bilərək onun 3 il müddətinə azadlıq məhrum edilməsi , ancaq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, bu cəzanın şərti hesab olunması  və onun barəsində iki il sınaq müddəti təyin edilməsi  və vergidən yayındırıldığı iddia olunan 71 000 AZN-i ödəməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya  Qarşı Mübarizə İdarəsi “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.   Buna səbəb kimi isə qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciəti göstərilir. Məlumata görə, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, “Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “Qara siyahı”sına düşüb. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, istintaq zamanı müəyyən olunub ki, Cəfəri yalnız KİV haqqında qanunun tələblərini pozmayıb, həm də vergi qanunvericiliyinin tələblərinə əməl etməyib. Məlumata görə, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub. Beləliklə, küllü miqdarda, 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb. Son olaraq isə qəti olaraq baş redaktorun 107 min manat cərimə ödəməsi tələb edilir. O isə məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Qeyd edək ki, “Gündəm Xəbər” qəzeti 2009-cu ilin iyun ayından etibarən nəşr olunur.

Previous Post

Azərbaycan hökuməti bloggerin işgəncəyə məruz qalmasını araşdırmalıdır

Next Post

RATİ “Gündəm Xəbər” qəzetinin baş redaktoruna şərti həbs cəzasının verilməsini pisləyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.