EMİN HÜSEYNOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ SABAH KEÇİRİLƏCƏK

Bu gün (22 aprel) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı tərəfdən Emin Hüseynovun səlahiyyətli nümayəndəsi – Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdeh tərəflərdən isə Nəsimi rayon polis idarəsinin 22-ci Polis bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdi. Daxili İşlər Nazirliyindən isə məhkəmədə nümayəndə iştirak etmirdi.
Bugünkü prosesdə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi daha iki şahid – “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və RATİ əməkdaşı İdrak Abbasov baş vermiş hadisə ilə bağlı ifadə verdilər. Onlar ifadələrində bildirdilər ki, Emin Hüseynov 14 iyun 2008-ci il tarixdə polis təzyiqinə məruz qalıb və bunun nəticəsində xəstəxanaya yerləşdirilib.
Hakim İ. Şirinov gələn prosesdə cavabdeh tərəfin şahidlərinin dindiriləcəyini elan edərək, növbəti  məhkəmə prosesini sabah – aprel ayının 23-ü saat 15:30-a təyin etdi.
Xatırladaq ki, E Hüseynov 14 iyun 2008-ci il tarixində “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E. Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

“NOTA” QƏZETİ MƏTBUAT ŞURASI TƏRƏFİNDƏN “REKET QƏZETLƏR” SİYAHISINA SALINMASINA ETİRAZ EDİR

Next Post

İCRA HAKİMİYYƏTİ MÜSAVAT PARTİYASINA PİKET KEÇİRMƏYƏ iCAZƏ VERMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.