“NOTA” QƏZETİ MƏTBUAT ŞURASI TƏRƏFİNDƏN “REKET QƏZETLƏR” SİYAHISINA SALINMASINA ETİRAZ EDİR

Bu gün (22 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli “Nota” qəzetinin Mətbuat Şurası (MŞ) tərəfindən “reket qəzetlər” siyahısına aid edilməsi ilə bağlı mətbuat konfransı keçirdi.

Tədbirdə ilk çıxış edən Sərdar Əlibəyli “Nota” qəzetini “reket qəzetlər”in siyahısına aid edilməsi Mətbuat Şurasının əli ilə həyata keçirilən çirkin oyundur və bunu qəbul etmədiyini bildirib. O, bəyan etdi ki, MŞ belə bir qərarı çıxarmaqla həm öz nizamnaməsini pozub, həm də səlahiyyətlərini aşaraq Şura ilə heç bir bağlılığı olmayan qəzetə qarşı qanunsuz “cəza tədbiri” həyata keçirməyə cəhd edib. Baş redaktor bu olayı azad sözə və müstəqil mətbuata qarşı növbəti yeni hücum dalğasının başlanğıcı kimi qiymətləndirdi. Heç bir halda belə bir qərarla barışmayacağını bəyan edən S. Əlibəyli bildirdi ki, mövcud qanunların yaratdığı imkanlar çərçivəsində sonadək mübarizələrini davam etdirəcəklər. Sonda baş redaktor bildirdi ki, ötən həftə qəzetin mətbəədə çap olunmasına ciddi  maneələr olsa da, qəzet çap olunub və bu həftə “Nota”nın çap olunması sual altındadır. Belə ki, “Nota” qəzetinin adının Mətbuat Şurasının tərtib etdiyi “reket qəzetlər”in siyahısında yer alması, qəzetin mətbəədə çap olunmasında problem yaradır.
Tədbir zamanı öz çıxışında bu hadisənin Azərbaycanda mətbuata qarşı təzyiq vasitəsi olduğunu deyən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Mətbuat Şurasının yanlış olduğunu və müstəqil mətbuatın sıradan çıxma təhlükəsi ilə üz-üzə dayandığını qeyd etdi.
“Media Hüquqları İnstitutu”nun hüquqşünası Xalid Ağaliyev reketçiliyin cinayət olduğunu və sübutu olmadan qəzeti reket adlandırmağın da cinayət olduğunu bildirdi. 
Tədbirin sonunda çıxış edən RATİ-nin sədri Emin Hüseynov Mətbuat Şurasının QHT təşkilatı olduğunu və məhkəmə qərarı olmadan qəzeti reketçilikdə ittiham etməyin cinayət olduğunu bildirdi.
Məsələ ilə bağlı Mətbuat Şurasının nəzdində reket mətbuata qarşı mübarizə komissiyanın rəhbəri Vüqar Rəhimzadə ilə əlaqə saxladıq. O, bildirdi ki, reket adlandırılan qəzetlər tərəfindən dəfələrlə vətəndaşların təhqir olunması və böhtan atılması ilə bağlı Mətbuat Şurasına müraciətlər daxil olub. V. Rəhimzadənin sözlərinə görə, sonuncu dəfə 16 aprel tarixində Şikayətlər komissiyası, Mətbuat Şurası və reket mətbuata qarşı mübarizə komissiyanın birgə iclasında “Nota” qəzetinin baş rektorunun iştirakı ilə MŞ-yə daxil olan şikayətlərə baxılıb: “Vətəndaşlar tərəfindən Mətbuat Şurasına daxil olan şikayətlərə baxılıb və həmin qəzetlərə xəbərdarlıq olunmasına baxmayaraq, onlar nəticə çıxarmayıblar və sonuncu iclasda belə bir qərar çıxarıldı” – deyə V. Rəhimzadə əlavə etdi.
Previous Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU MƏHKƏMƏYƏ VERİLİB

Next Post

EMİN HÜSEYNOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ SABAH KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.