Bu gün Azərbaycan Media Mərkəzində “Azadlıq” qəzetinin təsisçisi və ilk baş redaktoru Nəcəf Nəcəfovun vəfatından 9 il keçməsi ilə bağlı dəyirmi masa keçirildi.
Tədbirin təşkilatçısı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev N.Nəcəfovun mətbuat azadlığı sahəsində xidmətləri barədə danışaraq, qarşıdan mərhum jurnalistin 55 illiyinin gəldiyini və bu münasibətlə bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi.
Daha sonra Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev, “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu, politoloqlar – Rasim Musabəyov, Hikmət Hacızadə və digər şəxslər təkliflərlə çıxış etdilər.
Sonda A.Əliyev bütün təkliflərin nəzərdən keçiriləcəyini və yaxın günlərdə gələcəkdə həyata keçiriləcək tədbirlərin tam dəqiqləşdiriləcəyini bildirib.
Xatırladırıq ki, N.Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda anadan olub. 1980-ci ildə “İnşaatçı” qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Sonra “Vışka” qəzetində müxbir kimi işə başlayıb və 1986-cı ilə qədər bu qəzetdə şöbə müdiri işləyib. Elə həmin ildə “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. 1988-ci ildə həmin vəzifədən çıxarılıb və bundan sonra Azərbaycanda ilk müstəqil mətbuat orqanı olan “Azadlıq” qəzetini yaradıb. 1990-cı ildə bir qrup müstəqil jurnalistlə birgə “Turan” İnformasiya Agentliyini təsis edib. 1990-95-ci illərdə Azərbaycan parlamentinin deputatı, 1992-93-cü illərdə Azərbaycan prezidentinin mətbuat katibi vəzifəsində işləyib. N.Nəcəfov 1999-cu il dekabrı ayının 17-də uzun sürən xəstəlikdən sonra vəfat edib.