NAXÇIVANDA FƏRDİ PEYK ANTENALARI YIĞIŞDIRILIR

Naxçıvanda peyk vasitəsi ilə Avropa ölkələri, Türkiyə və Rusiyanın televiziya kanallarına baxmaq üçün binaların eyvanında əhali tərəfindən quraşdırılan şəxsi peyk antenaları yığışdırılır.

Əvəzinə isə binaların dam örtüyündə yerli hakimiyyət tərəfindən mərkəzləşdirilmiş qaydada cəmi  bir peyk antenası quraşdırılır. Binada  yaşayan bütün əhali telekanallara baxmaq üçün həmin peyk antenasından istifadə etməlidir. Həmin peyk antenalardan istifadə etməklə isə əhali yalnız Azərbaycan və Türkiyənin televiziya kanallarına baxa bilir.
Belə ki, peyk antenaların yığışdırılmasına bir il bundan əvvəl başlanıb. Əvvəlcə Yeni Naxçıvan və Əliabad qəsəbəsində bir neçə bina təmir olunarkən peyk antenaları yığışdırılıb. Son dövrdə isə antenaların yığışdırılması kütləvi hal alıb. Artıq Naxçıvan şəhərinin mərkəzindəki binaların hamısından peyk antenaları yığışdırılır.
Qeyd edək ki, fərdi peyk antenaların ləğvi yerli icra hakimiyyəti orqanları nümayəndələri tərəfindən şəhər və rayon mərkəzlərinin ümumi görünüşünə xələl gətirilməsi kimi  izah edilsə də, əhali  bu məsələyə fərqli yanaşır.
“Mən indiyə qədər iki peyk antenadan istifadə etmişəm. Türk televiziya kanalları vasitəsilə xəbərlər proqramını izləyirdim, eyni zamanda Avropa peyklərindən istifadə edərək, “Azadlıq” radiosunu, BBC televiziya və radiosunu izləyir, Rusiya televiziya kanallarında isə kinolara baxırdım. Mərkəzləşmiş vahid peyk antenalar quraşdırıldıqdan sonra isə bundan məhrum olmuşam. İndi yalnız Türkiyə və Azərbaycan televiziya kanallarını izləyə bilirəm. Avropa telekanallarını izləmək üçünsə daha bir peyk antena quraşdırmaq lazımdır. Buna isə evin eyvanında kənardan görünməmək şərti ilə icazə verilir. Çox zaman isə evin quruluşundan asılı olaraq eyvanlara antena qoyulması mümkün deyil”. Bunu RATİ-nin Naxçıvandakı müxbirinə Naxçıvan şəhər sakini Ramiz İsmayılov bildirib.
Naxçıvan Muxtar Respublikasına qəzet və jurnallar məhdud sayda gətirildiyini və köşklərdə müstəqil və müxalifyönümlü qəzetlərin satışına icazə verilmədiyini nəzərə alsaq, əhalinin 95 faizi peyk antenalardan istifadə etməklə məlumat  əldə edə bilirdi. Amma görünür ki, bundan sonra əhalinin böyük əksəriyyəti Avropa və Rusiya televiziya kanallarını izləyə bilməyəcəklər. Bu da onların məlumat almaq hüququnu  məhdudlaşdırır. Digər tərəfdən isə mənzillər əhalinin şəxsi mülkiyyətidir və mənzillərin  eyvanlarında antena quraşdırılması şəxslərin hüququdur.
Previous Post

NƏCƏF NƏCƏFOVUN VƏFATINDAN 9-İL KEÇDİ

Next Post

ZAHİDİN ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏYƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.