MTN RƏSMİSİ “EUROVİSİON-2009” QALMAQALINA MÜNASİBƏT BİLDİRİB

sentyabr 1st, 2009
“EUROVİSİON-2009” mahnı yarışmasında Ermənistan təmsilçisinə səs vermiş Azərbaycan vətəndaşlarının Milli Təhlükəsizlik Nazirliyinə çağırılmasına MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev münasibət bildirib.

A.Babayev “Mediaforum” xəbər saytına bildirib ki, yarışma səsverməsində Ermənistan iştirakçısına səs vermiş şəxslərin siyahısının hazırlanması və həmin şəxslərin nazirliyə çağırılaraq dindirilməsi haqda məlumatların heç bir əsası yoxdur. “Bizim üçün əsas məsələ Azərbaycanın milli maraqlarına və dövlət mənafeyinə qarşı yönəlmiş təhdidlərə qarşı mübarizə aparmaq və belə halların qarşısını almaqdır. Bizim üçün Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması önəm daşıyır. MTN belə boş və cəfəng şayiələrə şərh vermir və bu bizim üçün önəmli deyil” – deyə A.Babayev vurğulayıb.
Xatırladaq ki, Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılması barədə mətbuata məlumat vermişdi. Həmçinin politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu da eyni səbəblə avqustun 6-da telefon vasitəsilə MTN-in Nəsimi rayon şöbəsinə çağırılmış, lakin rəsmi çağırış gəlmədiyinə görə, politoloq oğluna şöbəyə getməyə icazə verməmişdi.