RATİ SƏDRİ EMİN HÜSEYNOV REANİMASİYAYA YERLƏŞDİRİLİB

Bu gün (14 iyun) “Alaturka” kafesində məşhur kubalı inqilabçı  Ce Gevaronun 80 illik yubileyi münasibətilə “Ce Gevaro fanatları kulubu”nun təşkil etdiyi tədbir polis tərəfindən dağıdılıb.

Tədbirə qatılan gənclərdən təxminən 25 nəfər, habelə tədbirdə jurnalist kimi iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov,  RATİ-nin digər iki əməkdaşı – Rasim Əliyev və Mirrəhim Həsənov Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparılıblar.
Bölmədə saxlanılan şəxslərin foto şəkillərini çəkilməsinə və əl-barmaq izlərinin götürülməsinə etiraz edən E. Hüseynov polis işçiləri tərəfindən təzyiqlərə məruz qalıb. Belə ki, E. Hüseynovu saxlanılan digər şəxslərdən ayıraraq başqa bir otağa aparıblar və Polis Bölməsində olan digər əməkdaşlarımız R. Əliyevin sözlərinə görə, həmin otaqdan möhkəm səs-küy, söyüşlər eşidilib. Hətta özünü təqdim etməyən mülki geyimli şəxs odlu silahı (tapança) çıxararaq stolun üstünə çırpa-çırpa “səni məhv edərəm sözləri ilə E. Hüseynovu hədələyib. Daha sonra isə o, əlinin pəncəsi ilə bir dəfə möhkəm olmaqla E. Hüseynova bir neçə zərbə endirib. Bundan bir neçə dəqiqə sonra otaqdan çıxarılan E. Hüseynov Polis Bölməsinin qarşısında həmkarların azad edilməsini gözləyən “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı, habelə RATİ-nin həmtəsisçisi İdrak Abbasova özünə qarşı  fiziki və mənəvi təzyiqlərin edilməsi barədə telefonla zəng edərək məlumat verib. Səhətinin pisləşdiyini deyən E. Hüseynov təcili tibbi yardım çağırılmasını xahiş edib. Bundan sonra İ. Abbasov, habelə hadisə yerində olan hüquq müdafiəçisi Arzu Abdullayeva Polis Bölməsinin növbətçi hissəsinə yaxınlaşaraq təcili yardım çağırılmasını xahiş ediblər. Amma polis bunu etməyib, əvəzində vəziyyəti pis halda olan E. Hüseynov azadlığa buraxılıb. İ. Abbasovun verdiyi məlumata əsasən, zorla ayaq üstündə duran və ayaqlarını sürüdə-sürüdə Polis Bölməsindən çıxan  E. Hüseynov boyun nahiyəsindən və sinə nahiyəsindən şikayət edib. Bundan sonra o, huşunu itirib.
Daha sonra İ. Abbasovun çağırışı ilə hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri E. Hüseynovu müayinə edərək qapalı kəllə-beyin travması diaqnozu ilə dərhal Mərkəzləşdirilmiş Təcili Tibbi Yardım Xəstəxanasına aparıblar.
Onu da qeyd edək ki, hadisə yerində məlumat toplayan “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Balaxanlı da 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Hüquq müdafiəçisi Arzu Abdullayevanın RATİ-yə verdiyi məlumata əsasən, o, millət vəkilləri İqbal Ağazadə, Pənah Hüseyn və digər şəxslərin müdaxiləsindən sonra E. Balaxanlı sərbəst buraxılıb.
E. Hüseynovun müalicə Həkimi Qalib İbrahimovun RATİ-yə verdiyi məlumata görə, xəstənin vəziyyəti stabildir, reanimasyon, rentginoloji  tədbirlər görülüb,  xəstə Xəstəxananın Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkim Q. İbrahimovun verdiyi ilkin diaqnoza görə E. Hüseynov nevroloji şok keçirib və bu səbəbdən huşunu itirib. Amma həyatı üçün təhlükə yoxdur.
Belə ki, E. Hüseynovun vəziyyəti ilə yerində tanış olmaq üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Conatan Henik və səfirliyin digər əməkdaşları, habelə Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı və digərləri xəstəxanaya gediblər.   
Xatırladaq ki, E. Hüseynov 2003-cü il oktyabrın 16-da  müxalifət qüvvələrinin prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq “Azadlıq” meydanında keçirdikləri mitinqdən reportaj hazırlayarkən polis tərəfindən döyülüb. Aldığı travmanın nəticəsi olaraq 29 yaşlı E. Hüseynov hazırda 2-ci qrup əlildir.
Qeyd edək ki, RATİ-nin daha iki əməkdaşı və digər saxlanılan şəxslər təxminən 7 saatdan sonra sərbəst buraxılıblar. Bölmədə onların foto şəkilləri çəkilib və əl-barmaq izləri götürülüb. 
Onu da qeyd edək ki, hadisə yerində məlumat toplayan “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Balaxanlı da 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Hüquq müdafiəçisi Arzu Abdullayevanın RATİ-yə verdiyi məlumata əsasən, o, millət vəkilləri İqbal Ağazadə, Pənah Hüseyn və digər şəxslərin müdaxiləsindən sonra E. Balaxanlı da sərbəst buraxılıb.
      P.S. təxminən saat 22.00 radələrində E. Hüseynov artıq özünə gəlib. Bu barədə  RATİ-yə E. Hüseynovun özü məlumat verib.  Habelə E. Hüseynov yalnız polis bölməsində deyil, həm də saxlanılarkən təhqir edildiyini, polislərin  ona başının arxa hissəsindən, eləcə də kürəyindən çoxsaylı zərbə yetirdiklərini də söylədi. 

Previous Post

HAKİM MÜŞAHİDƏÇİYƏ „BUNDAN SONRA PROSESLƏRƏ GƏLMƏ” ƏMRİNİ VERİB

Next Post

RATİ SƏDRİ EMİN HÜSEYNOV HƏLƏ DƏ REANİMASİYADADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.