OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI İSTİNTAQ TƏCRİDXANASINDA JURNALİSTLƏRLƏ GÖRÜŞÜBLƏR

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə, gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə də görüşüblər.

Aparat əməkdaşlarının APA-ya verdikləri məlumata göeə, onlar saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
 
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. 2009-cu il noyabr ayının 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarmış və Bakı Apellyasiya Məhkəməsi 10 mart tarixində həmin hökmün qüvvədə saxlanılması barədə qərar çıxarıb.

Previous Post

AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİ AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ TÖVSİYƏ VERİB

Next Post

ABŞ KONQRESİNİN HELSİNKİ KOMİTƏSİ BLOGGERLƏRİN HƏBSDƏ SAXLANILMASINI PİSLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.