ABŞ KONQRESİNİN HELSİNKİ KOMİTƏSİ BLOGGERLƏRİN HƏBSDƏ SAXLANILMASINI PİSLƏYİB

mart 16th, 2010
ABŞ Konqresinin Helsinki Komitəsi Bakı Apellyasiya Məhkəməsinin bloggerlər Emin Milli və Adnan Hacızadə barəsində hökmü qüvvədə saxlayan qərarını qətiyyətlə pisləyib və bunu Azərbaycanda müstəqil jurnalistikaya və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin davamı kimi qiymətləndirib.

“ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsinin Azərbaycanı niyə ATƏT məkanında ən çox jurnalistin həbsdə saxlandığı ölkə adlandırdığı aydındır” – deyə ABŞ Konqresinin Helsinki Komissiyasının sədri, senator Bencamin L.Kardin bildirib.
 “Bu hadisə Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını göstərir” – deyən  Helsinki komissiyasının həmsədri, konqressmen Elsi Hastinqs qeyd edib ki, Azərbaycanda məhkəmə müdafiə tərəfin təqdim etdiyi əşyayi-dəlillərə və şahidlərə əhəmiyyət verməyib. Bununla belə, Hatinqs əlavə edib ki, bloggerlərin Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyəti Azərbaycana gənclərin hüququnu bərpa etmək üçün daha bir şans verir.
Bir müddət əvvəl, dekabrın 11-də Helsinki Komissiyası Azərbaycan prezidentinə məktub göndərib. Məktubda komissiya bununla bağlı narahatlığını bildirib və onların apellyasiya şikayətinə ədalətli baxılmasına çağırıb. Lakin Azərbaycan hökuməti hələ də məktuba cavab verməyib.  
“Azərbaycan rəhbərliyinin ATƏT-in ölkədə mətbuat azadlığı olmaması ilə bağlı tənqidini diqqətə almaması narahatlıq doğurur” – deyə öz növbəsində Helsinki Komissiyasının üzvü Robert Adernot bildirib.  “Gənc fəalların həbsi və mühakimə olunması Azərbaycan hakimiyyətinin bu ilin sonunda keçiriləcək parlament seçkilərinə qədər siyasi cəhətdən fərqli düşünənləri susdurmaqda qətiyyətli olduğuna dəlalət edir” – deyə Adernot bildirib.
    Tam mətni oxumaq üçün link:
http://csce.gov/index.cfm?FuseAction=ContentRecords.ViewDetail&ContentRecord_id=877&ContentType=P&ContentRecordType=P

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. 2009-cu il noyabr ayının 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarmış və Bakı Apellyasiya Məhkəməsi 10 mart tarixində həmin hökmün qüvvədə saxlanılması barədə qərar çıxarıb.