OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Martın 29-da Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevlə görüşüblər.

 Bu barədə bu gün (30 mart) Ombudsman aparatının mətbuat xidmətindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verilən məlumata görə, ombudsman aparatının əməkdaşları cəzaçəkmə müəssisəsində öz ərizəsinə görə kamerada tək saxlanılan Eynulla Fətullayevlə bir daha görüşmüş, onun vəziyyətini araşdırmışlar. Məhkum 1 saylı CÇM-in rəhbərliyi və əməkdaşlarının ona qarşı rəftarından şikayət etməmişdir. Eyni zamanda o, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanıldığı zaman təzyiqlərə məruz qaldığını bildirmiş, habelə təhlükəsizliyinin təmin edilməsini əsas gətirərək, 9, 11 və ya 15 saylı cəzaçəkmə müəssisələrinə köçürülməsini xahiş etmişdir.
E.Fətullayevin adı çəkilən istintaq təcridxanasında üzləşdiyi təzyiqlərlə əlaqədar müraciəti üzrə bu günlərdə Ombudsman Aparatının əməldaşları Müvəkkilin tapşırığına əsasən, BİT-də bir daha araşdırma aparmış, vaxtilə baş redaktorla bir kamerada saxlanılmış və onun istinad etdiyi məhkumla təkbətək söhbət etmişlər. Araşdırma nəticəsində həmin məhkum istintaq təcridxanasında E.Fətullayevə qarşı qanunsuz hərəkətin, təzyiq göstərilməsinin şahidi olmadığını söyləmişdir.
Həmçinin baş redaktorun ciddi rejimli cəzaçəkmə müəssisələrində təhlükə ilə üzləşməsi ehtimalı olduğunu bildirməsi və 9 saylı CÇM-ə köçürülməsində kömək göstərilməsi xahişinə əsasən, Müvəkkilin Ədliyyə nazirinə məktubla müraciət etdiyi bildirilmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov RATİ-yə xəbəri təsdiq edərək, müraciətin ətraflı araşdırılacağını bildirdi.
Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

 Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Previous Post

ERMƏNİLƏR CƏBHƏ XƏTTİNDƏ AZƏRBAYCANLI JURNALİSTLƏRƏ ATƏŞ AÇIBLAR

Next Post

MƏTBUAT ŞURASI AKSİYALARDA MONİTORİNQ APARACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.