MƏTBUAT ŞURASI AKSİYALARDA MONİTORİNQ APARACAQ

mart 30th, 2011
     Kütləvi aksiyalarda jurnalistlərin sərbəst informasiya almaları məsələsi dünən (29 mart) Daxili İşlər Nazirliyində baş tutan görüşdə müzakirə edilib. Bu barədə Mətbuat Şurasının rəsmi saytında məlumat verilib. Məlumatda qeyd edilir ki, görüşdə həmçinin bunun monitorinqini aparmaq məqsədilə vaxtilə Mətbuat Şurasının nəzdində yaradılmış, jurnalistlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrupun fəaliyyətinin bərpası barədə də razılığa gəlinib.

 Görüşdə jurnalistlərin kütləvi aksiyalar zamanı peşə vəzifəsini yerinə yetirmələri üçün onlara zəruri şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq KİV təmsilçilərinin bütün aksiyalara üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə qatılmaları məqsədəuyğundur. Fərqləndirici geyimdə olan jurnalistlərin hər hansı insidentlə, yaxud maneələrlə üzləşdiyi təqdirdə monitorinq qrupu bu halla bağlı operativ araşdırmaların aparılmasını və zəruri ölçü götürülməsini təmin edəcək.
Qeyd edək ki, son 4 ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  jurnalist və hüquq müdafiəçilərindən ibarət monitorinq qrupu vasitəsilə  mütəmadi olaraq aksiyalarda monitorinq aparır.