OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ QƏNİMƏT ZAHİDOV VƏ SAKİT ZAHİDOVLA GÖRÜŞÜBLƏR

yanvar 16th, 2009
Dünən (16 yanvar) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər.

Aparat əməkdaşları ”Azadlıq ” qəzetinin baş redaktoru Qənimət Zahidov (Zahid) və “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovla (Mirzə Sakit) da görüşüblər. Bu barədə RATİ-yə Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zenfira Məhərrəmli məlumat verdi: ”10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Sakit Zahidovla söhbət zamanı onun 14 saylı cəzaçəkmə müəssisəsindən 10 saylı müəssisəyə köçürülməsində kömək etdiyinə görə Ombudsmana minnətdarlığını bildirdi. Səhhətindən heç bir şikayət etmədi. 10 saylı cəzaçəkmə  müəssisənin rəhbərliyi və əməkdaşları ilə hazırda heç bir problemin olmadığını, onun üçün normal şəraitin yaradıldığını, ailəsi ilə mütəmadi görüşdüyünü söylədi. Sakit Zahidov yalnız vaxtından əvvəl azad olması ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciətinin müsbət həll edilmədiyindən narazılığını bildirdi, bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinə şikayət olunduğunu da diqqətə çatdırdı”.  Z. Məhərrəmlinin sözlərinə görə, Ombudsman Aparatının əməkdaşları digər məhkumlarla yanaşı, Sakit Zahidovun saxlandığı korpusa baxış keçiriblər.
Daha sonra Ombudsman Aparatının nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla da görüşüblər. Z. Məhərrəmli bildirdi ki, onun vəziyyətinin Ombudsmanın daim nəzarətində olduğunu baş redaktorun nəzərinə çatdırıblar: ”Qənimət Zahidov cəzaçəkmə müəssisəsindəki şəraitdən və onunla rəftardan narazı olmadığını qeyd etdi. Ona diqqət göstərildiyinə görə, Ombudsmana təşəkkürünü də bildirdi”.