Bəyanat
Dünya Televiziya Günündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini ölkənin teleradio yayımında plüralizmi və müxtəlifliyi təmin etmək məqsədi ilə islahatlara başlamağa çağırır.
BMT-nin təsis etdiyi Dünya Televiziya Günü hər il noyabrın 21-də dünyanın bir çox yerlərində qeyd olunur. Bu gün televiziyanın insan həyatına təsir edən müxtəlif məsələlərin təqdimatında mühüm rol oynadığını tanıyır.
Azərbaycanda fəaliyyət göstərən doqquz milli telekanal hökumətin siyasi məqsədlərinə qulluq edərək müəyyən məsələlərə, şəxslərə və statistikaya daha çox, bəzilərinə isə daha az yer ayırmaqla, bəzilərinə isə ümumiyyətlə əhəmiyyət verməməklə ictimai fikri formalaşdırır və xalqa hakim rejimin siyasi maraqlarının lehinə olan fikirləri təlqin edir.
Ölkənin doqquz milli telekanalının üçü (AZTV, İdman Azərbaycan və Mədəniyyət) dövlətə məxsusdur. Bütün dünyada dövlət mediasının özəlləşdirilməsi prosesi getdiyi bir vaxtda, Azərbaycanda bunun ziddinə olaraq, demək olar ki, hər iki ildən bir yeni dövlət televiziyası açılır.
Çünki dövlət Milli Televiziya və Radio Şurası (MTRŞ) vasitəsilə yayım lisenziyalarının verilməsinə tam nəzarət etdiyi üçün, lisenziyalaşdırma prosesi qeyri-obyektiv, siyasi motivli və qərəzli olaraq qalır. MTRŞ birbaşa prezident tərəfindən təyin olunan yeddi üzvdən ibarət olub tamamilə dövlət büdcəsindən maliyyələşir. Bu qurumun müstəqil olmasına heç bir hüquqi zəmanət yoxdur.
Məsələn, Lider TV kanalı müxalifət nümayəndələrinin intim xarakterli videolarını dəfələrlə yayımlayan zaman MTRŞ bunun qarşısını alacaq hər hansı addım atmamışdı ki, bu da Teleradio Yayımı haqqında Qanunun bilavasitə pozuntusudur.
Televiziya haqqında qanunun 5-ci maddəsində konkret müddəa göstərilsə də, MTRŞ bu müddəanı pozmaqla ikidən artıq televiziya yayımı həyata keçirən AZTV-yə qarşı hər hansı tədbir görmür.
RATİ bəyan edir ki, “Antiinhisar fəaliyyəti haqqında” qanunun 4-cü maddəsində göstərilir ki, hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətdir. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Bu gün ölkədə 9 ümumrespublika yayımçısından 3-ə sahib olan AZTV bu qanunu da kobud şəkildə pozur.
RATİ bildirir ki, Azərbaycanın ictimai yayımçısı olan İctimai TV Avropa Yayım Birliyinə üzvlüyü çərçivəsində bu qurumun tələblərinə (ictimai marağa xidmət etmək, plüralizmi təmin etmək, və s.) əməl etməyərək cəmiyyətin bütün sektorları üçün balanslı və müxtəlifliyi təmin edən proqramlar yayımlamır. İctimai TV ölkədə baş verən mühüm hadisələr (məs, siyasi partiyaların və ictimai birliklərin fəaliyyəti) haqqında çox yığcam, çox vaxt isə birtərəfli məlumat verir. Hazırda İTV maliyyə vəsaitini birbaşa olaraq dövlət büdcəsindən (xırda reklam gəlirləri istisna olmaqla) əldə edir ki, bu da onun müstəqil olmasına şübhələr doğurur.
İctimai TV-nin builki Avroviziya mahnı müsabiqəsi zamanı Azərbaycanın Rusiya təmsilçisinə verdiyi səsin Avropa Yayım Birliyi tərəfindən sayılmaması iddiası, həmçinin İTV-nin baş direktor seçkisi zamanı baş vermiş pozuntu halları bu kanalın müstəqil olmamasını bir daha təsdiqləyir.
Dünya Televiziya Günü cəmiyyətin həyatına təsir edən mühüm məsələlər və hadisələr barədə qərəzsiz məlumatların insanlara çatdırılmasında televiziyanın rolunun inkişafına hökumətlərin, təşkilatların və fərdlərin dəstək vermə öhdəliyini yeniləmək günüdür. Bu nöqteyi-nəzərdən, RATİ Azərbaycan hökumətini aşağıdakı tövsiyələri yerinə yetirməyə çağırır:
BMT təsdiq edir ki, televiziya insanları dünya, onun problemləri və planetimizdə cərəyan edən hadisələr barədə məlumatlandırmaq üçün istifadə edilə bilər. Televiziya kommunikasiya və informasiya yayımı üçün medianın ən təsirli formalarında biridir. Fikirlərin sərbəst ifadəsinə şərait yaradan televiziya eyni zamanda mədəni müxtəlifliyi də təmin etməyə kömək edir. BMT televiziyanın insan həyatına təsir edən qlobal məsələlərin işıqlandırılmasında mühüm rol oynadığını dərk edir.
Noyabrın 21-i BMT Baş Assambleyası tərəfindən 1997-ci il dekabrın 17-də həmin il keçirilmiş ilk Dünya Televiziya Forumunun keçirildiyi günü qeyd etmək məqsədi ilə Dünya Televiziya Günü elan olunub. BMT bu quruma üzv olan bütün dövlətləri Dünya Televiziya Gününü sülh, təhlükəsizlik, iqtisadi-sosial inkişaf və mədəni dəyişikliklərin təkmilləşdirilməsi məsələləri üzərində fokuslaşan televiziya proqramları mübadiləsini təşviq etməklə qeyd etməyə dəvət edir.