Bu gün (20 iyul) Azərbaycan Media Mərkəzdə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycan (ACİ) mətbuatının 135 illiyi ərəfəsində 2009-cu ilin yekunlarının və İfadə Azadlığı proqramı çərçivəsində həyata keçirilən layihələrinin təqdimatını keçirib.
İfadə Azadlığı proqramının koordinatoru Rövşən Bağırov bildirib ki, 2002-ci ildən başlayaraq, ACİ-nin proqramı çərçivəsində KİV, söz azadlığı, peşəkarlıq, regional mətbuat və yeni media sahəsində təşəbbüslər sahəsində layihələri dəstəkləyir. O, məlumat verdi ki, ACİ Azərbaycanda söz azadlığına dəstək sahəsində az iş görməyib. Fond müxtəlif layihələri, o cümlədən təqibə məruz qalan jurnalistlərin dəstəklənməsi, jurnalistlərin İnternet-kitabxanasının yaradılması, informasiya əldə etmək azadlığının təmin edilməsi, yeni İnternet KİV-lərin inkişafı və ifadə azadlığı sahəsində təşəbbüslərin dəstəklənməsi üzrə layihələri maliyyələşdirib.
2002-ci ildən İfadə Azadlığı proqramı çərçivəsində vətəndaş cəmiyyətinin ümumilikdə 1, 179 mln. dollar məbləğində müxtəlif təşəbbüsləri dəstəklənib. 2009-cu ildə media qrantlarının dəstəklənməsinə 140 min dollar ayrılıb.
Media Hüquqları İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı və MHİ proqram koordinatoru Xalid Ağəliyev 2010-cu ilin ilk 6 ayı ərzində medianın vəziyyəti ilə bağlı məlumat veriblər.
Söz azadlığını Müdafiə Fondunun idarə heyətinin sədri Yadigar Məmmədli bildirib ki, Azərbaycan mətbuatının 135 illiyi ərəfəsində jurnalist Eynulla Fətullayev və bloggerlər Emin Milli və Adnan Hacızadənin ailələrinə maliyyə yardımı göstərmək qərarı qəbul edilib. "Bilirik ki, hakimiyyət yalnız loyal jurnalistləri təşviq edəcək və buna görə belə bir qərar qəbul etməyi özümüzə borc bildik" – deyə Məmmədli bildirib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən azad olmayan ölkə elan edilmiş Azərbaycanda peşə bayramı ərəfəsində jurnalistlər fərqli hisslər keçirsələr də, ACİ icraçı direktoru Fərda Əsədov jurnalistləri əlamətdar tarix münasibətilə təbrik edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov ACİ tərəfindən maliyyələşdirilən bəzi layihələrdə media sahəsində qarşıya qoyulan məqsədlərə uyğun həyata keçirilmədiyini qeyd edib. “ACİ-nin layihələrindən olan “www.economy.az” saytında müxtəlif dillərdə, müxtəlif ölkələrlə bağlı məlumatlar yerləşdirilsə də, Azərbaycanla bağlı heç bir məlumat yoxdur” – deyə RATİ sədri qeyd edib.
ACİ-nin İfadə Azadlığı proqramının koordinatoru Rövşən Bağırov bildirib ki, iradı qəbul edir və “www.economy.az” saytının rəhbəri xəstə olduğu üçün saytla bağlı işləri lazımi səviyyədə görməyib. “Biz ona lazımi işləri görməsi üçün vaxt vermişik. Bu gün layihə rəhbəri xəstəxanadan çıxır və söz verib ki, lazımi işləri həyata keçirəcək” – R.Bağırov qeyd edib.
RATİ sədri həmçinin ACİ-nin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə Axundovaya da suallar ünvanlayıb. “1 iyun tarixində Azərbaycanda keçirilən Avropa Yayım İttifaqının Baş Assambleyasının 65-ci sessiyasında çıxış edərkən, Azərbaycanda 300-dən artıq gündəlik və 800-dən artıq həftəlik qəzetin yayıldığını, o cümlədən Azərbaycanda 3 xarici radiostansiyanın fəaliyyət göstərdiyini iddia etdiniz. Həmçinin “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini nümunə göstərərək vurğulamışdınız ki, “demək olmaz ki, Azərbaycanda söz Azadlığı yoxdur”. Bir daha Sizə müraciət edərək soruşuram: Siz doğrudanmı belə hesab edirsiniz?” – deyə Emin Hüseynov Gülnarə Axundovadan soruşdu. RATİ sədri həmçinin Axundovaya bildirdi ki, onun bu çıxışı tədbirdə onu dinləyən çoxsaylı beynəlxalq qonaqları çaşqınlığa salıb. Hüseynov misal olaraq bildirdi ki, Axundovadan dərhal sonra çıxış edən ATƏT-in söz azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti də xarici radiostasiyaların yayımlanması ilə bağlı dediklərini qeyri-dəqiq hesab etdiyini bildirmişdi.
G.Axundova öz növbəsində bildirdi ki, həmin məlumatları MTRŞ-nin və MŞ-nın saytlarından əldə edib və öz çıxışında da bu məlumatlara istinad edib. O həmçinin vurğuladı ki, alternativ statistik məlumatlardan istifadə etməyə lüzum görməyib. “Çünki AYB rəhbərliyi mənə bildirmişdi ki, çıxışda yalnız dövlət qurumlarının məlumatlarına istinad edə bilərəm. Mən tədbirdən əvvəl də Mikloş Haraştiyə bildirmişdim ki, sizin nə deməyinizdən asılı olmayaraq, mən burada “şeytana vəkillik edəcəyəm” – deyə Axundova qeyd etdi.
Emin Hüseynov isə cavabında “Siz media qurumunun rəhbəri olaraq şeytana yox, jurnalistlərə vəkillik etməlisiniz” – dedi.
Foto: http://www.flickr.com/photos/irfs/
Video: http://www.youtube.com/watch?v=zvJxowBVGFI