MİKLOŞ HARAŞTİ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZADLIĞA ÇIXACAĞINA İNANIR

ATƏT-in mətbuat azadlığı üzrə komissarı Mikloş Haraşti, həbsdə olan iki jurnalistin “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin və “İdeal” qəzetinin baş redaktoru Əli Həsənovun, Azərbaycan Parlamentinin qəbul etdiyi aminissiya aktı ilə azad edilməsini və üçüncü jurnalist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Apellyasiya məhkəməsi tərəfindən azad edilməsini alqışlamışdır.

ATƏT-in rəsmi saytında verilən məlumata görə, M. Haraşti, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən təklif olunduğu kimi, ölkənin tezliklə diffamasiya hallarını Avropa standartlarına uyğun şəkildə həll edəcəyinə ümid etdiyini bildirmişdir.
Aprelin 9-da məşhur satirik yazar və müxalifyönlü “Azadlıq” qəzetinin jurnalisti Mirza Sakit (Sakit Zahidov) azadlığa çıxıb və həftəlik “Təzadlar” qəzetinin redaktoru Asif Mərziliyə qarşı böhtan ittihamı ləğv edilib. Aprelin 11-də “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov da həbsdən azad edilib. Bu üç nəfər hər biri müxtəlif ittihamlar üzrə cəza çəkiblər. Dünən Prezident İ. Əliyevə göndərilən məktubda M. Haraşti, prezidentin bu yaxınlarda öz çıxışında böhtan üzrə yeni ittihamların Avropa standartlarına uyğun olmadığını qeyd etməsini razılıqla vurğulamış və jurnalistlərin gələcəkdə həbs edilməsinin qarşısını almağa çağırmışdır. “Sizin müsbət niyyətləriniz yalnız qanuni islahata çevrildiyi halda öz bəhrəsini verəcək” deyə M. Haraşti bildirmişdir. O, həm də Azərbaycana böhtana görə cinayət məsuliyyətini ləğv etmək üçün yeni cəhdlər etməyi təklif etmişdir. Məktubda M. Haraşti, həmçinin bu yaxınlarda “KİV” və “Televiziya və Radio yayımı haqqında” qanunlara edilmiş əlavə dəyişikliklərlə bağlı öz narahatlığını bildirib. O, dövlət başçısından hələ imzalanmamış “Televiziya və Radio haqqında Qanun”u yenidən nəzərdən keçirmək, bu qanunu beynəlxalq standartlara və öhdəliklərə uyğunlaşdırmaq üçün Parlamentə geri qaytarmasını xahiş etmişdir.
Sonda M. Haraşti, həsdə olan digər jurnalistlərin də azadlığa çıxacağına inandığını bildirib: “Ümid edirəm ki, jurnalistlərin azad olunması kimi son müsbət ənənə digər həbsdə olan jurnalistlərin – Eynulla Fətullayev, Qənimət Zahid və Müşfiq Hüseynovun da taleyinə şamil ediləcək”.
Previous Post

ƏRŞAD İBRAHİMOVUN APELLYASİYA ŞİKAYƏTİNƏ HƏLƏ DƏ BAXILMAYIB

Next Post

DÖVLƏT İTTİHAMÇISI SƏYYARƏ HEYDAROVAYA 4 İL 6 AY CƏZA VERİLMƏSİNİ İSTƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.