MƏNBƏYƏ ÇIXIŞIN OLMAMASI AZƏRBAYCAN JURNALİSTİKASININ ƏSAS PROBLEMLƏRİNDƏN BİRİDİR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzinin Jurnalist Qurumları Koalisiyasının təşkilatçılığı ilə “Azərbaycan mətbuatında etik prinsiplərin gözlənilməsi layihəsi üzrə monitorinqin nəticələri”nin təqdimatı keçirildi.

Tədbirdə “Turan” İnformasiya Agentliyinin rəhbəri və  Mətbuat Şurasının İdarə Heyətinin üzvü Mehman Əliyev, monitorinqin rəhbəri İsrail Musayev, İREX-in hüquqşünası Ələsgər Məmmədli iştirak edirdilər. Tədbiri açıq elan edən Mehman Əliyev bildirdi ki, “Biz MŞ-nı yaradanda istəyirdik ki, Azərbaycanda elə bir mətbuat yaransın ki, insanlara düzgün və obyektiv məlumatlar çatdırılsın, insanların şərəf və ləyaqətinə toxunmasın. Lakin biz buna nail ola bilmədik. Mətbuat bu gün parçalanıb. MŞ-nın tərkibində şikayətlər komissiyası var. Biz MŞ-nın bir sıra üzvləri – Azərbaycan Jurnalistlər Birliyi, Yeni Nəsil Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası, Jurnalistlərin Müdafiə Komitəsi, Nəcəf Nəcəfov Fondu qərara gəldik ki, birləşək və bu monitorinqi həyata keçirək. Hal-hazırda Azərbaycan jurnalistikasında daha mühüm çəkiyə malik olan 57 qəzet və 3 internet saytı var. Artıq 3 aydır ki, biz bu monitorinqi həyata keçiririk. Və bu gün birinci dəfədir ki, nəticələri sizə təqdim edirik. Bu işdə məqsədimiz mövcud problemləri üzə çıxartmaq və bu problemləri həll etməkdir. Azərbaycan jurnalistikasında əsas problem mənbəyə çıxış problemidir. Dövlət və ya qeyri-dövlət olmağından asılı olmayaraq bütün qəzetlər ya qanuna riayət etməli, ya da mətbuatdan getməlidirlər”.
İsrail Musayev isə monitorinqin nəticələri haqqında danışdı. “statistik göstəricilər göstərdi ki, ümumilikdə 18715 pozuntu  faktı qeydə alınıb. Bunlardan 2200-ü təkcə üçüncü kateqoriyaya (adın qorunması, şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı kateqoriyası) aiddir. Birinci kateqoriyaya həqiqətə xidmət, dəqiqlik və obyektivlik, ikinci kateqoriyaya məlumat mənbəyinə hörmət, münasibət daxildir. Ən çox pozuntu olan kodlar isə jurnalistlərin tərəf kimi çıxış etməsi, balansın pozulması, leyhinə və əleyhinə yazılar yazmasıdır. Ən çox pozuntulardan biri isə başlığın mətnlə uyğunsuzluğudur ki, buna çox tez-tez rast gəlinir”.
Ələsgər Məmmədli öz çıxışında bildirdi ki, “layihəyə start veriləndə bunun nəticəsində nəyisə düzəldəcəyimizi fikirləşib razılaşdım. Mən bu məqalələri analiz etdiyim zaman mövcud qanunu əsas götürmüşəm. Mümkün qədər faktları ələmişəm. Onu da deyim ki, böyük bir iş görülüb. Mənə verilən 2200 pozuntu  faktından cəmi 89-nu seçdim. Fikirləşirəm ki, bundan sonra bu prosesin davam etməsi mətbuatın özü özünə baxması deməkdir”.
Tədbirdə iştirak edən “Zerkalo” qəzetinin əməkdaşı Mirabbas Məmmədovun “qəzetin başında baş redaktor durur. Bəlkə biz aksenti dəyişdirək və günahı baş redaktorda axtaraq?” sualını cavablandırarkən M.Əliyev bildirdi ki, “mən hesab edirəm ki, bu baş redaktorun günahı deyil. Çünki jurnalist yazdığı yazı üçün yalnız özü məsuliyyət daşıyır”.
Sonda M.Əliyev onu da əlavə etdi ki, MŞ-nın sədri Əflatun Amaşov səhhətindəki problemlə əlaqədar olaraq bu günkü tədbirdə iştirak edə bilməsədə, bu hesabatla tam razı olduğunu sizə çatdırmağımı xahiş etdi.

Previous Post

MİLLƏT VƏKİLLƏRİ PARLAMENTDƏ ZAHİDOVUN AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI MƏSƏLƏ QALDIRIBLAR

Next Post

“AZADLIQ FƏDAİLƏRİ” QƏZETİ ÖZ NƏŞRİNİ DAYANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.