MİLLƏT VƏKİLİ GÜLƏR ƏHMƏDOVA “ AZADLIQ” QƏZETİNDƏN ŞİKAYƏT EDİB

may 6th, 2009
Millət vəkili Gülər Əhmədova “ Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlayıb.

O, “Azadlıq” qəzetinin 29 aprel 2009-cu il sayında “Gül bayramı ləğv olunsun” başlıqlı yazıda fikirlərinin təhrif edildiyini bildirərək, qəzet rəhbərliyinin üzr istəməsini tələb edib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ( RATİ ) “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov verib. O bildirib ki, Gülər Əhmədovanın iddiasını əsaslı hesab etmir. ““Gül bayramı” ilə bağlı fikirlər parlamentdən hazırlanmış reportajda göstərilib. Bu reportajda G.Əhmədova bu bayrama çoxlu miqdarda vəsaitin ayrılmasının əleyhinə olduğunu bildirib. Jurnalist isə öz  yazısında millət vəkilinin bu mənasız bayramın əleyhinə olduğunu qeyd edib” – deyən Sücəddin Şərifov G.Əhmədovadan üzr istəmək fikrində olmadıqlarını da dedi.
Məsələ ilə əlaqədar Mətbuat Şurasının katibi Rəhim Hüseynov bildirdi ki, millət vəkili Gülər Əhmədova tərəfindən “Azadlıq” qəzeti ilə bağlı Şuraya müraciət daxil olub və yaxın günlərdə bu işlə bağlı keçiriləcək iclasda hər iki tərəf dinlənilərək, məsələyə aydınlıq gətiriləcək.
Millət vəkili Gülər Əhmədova RATİ-nin əməkdaşına bildirib ki, “Azadlıq” qəzetində onun fikirləri təhrif olunmuş şəkildə dərc olunub. “Prezident İlham Əliyevin yaşıllaşdırma ilə bağlı son çıxışından sonra mən Milli Məclisdə bildirmişəm ki, mərhum prezident Heydər Əliyevin ad günü münasibətilə hər il may ayının 10-da qeyd olunan gül bayramına xərclənən vəsaitə böyük bir bağ salmaq olar. Həmçinin bu bağın “10 may” və ya “Heydər Əliyev” adlandırılmasını və 10 may tarixinin daha böyük miqyasda keçirilməsini təklif etdiyim halda, “Azadlıq”ın müxbiri mənim bu günə qarşı çıxdığımı yazıb” – deyən G.Əhmədova vurğuladı ki, qəzet rəhbərliyi yazıda texniki səhvə yol verdiyi barədə açıqlama verib. Millət vəkili sonda onu da vurğuladı ki, təhriflə bağlı təkzib verliməsə, məhkəməyə müraciət edəcək.