EMİN HÜSEYNOVUN İDDİASINA ƏSASƏN PROSESDƏ YEKUN ÇIXIŞLAR DİNLƏNİLDİ

Bu gün (9 iyun) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN), Nəsimi rayon Polis İdarəsinə (RPİ) və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində iddiaçı E.Hüseynovun və onun səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdeh tərəflərdən –  DİN-in mühüm tapşırıqlar üzrə baş inspektoru Fərhad Əzimov, Nəsimi RPİ və Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdilər.
İddiaçının vəkili Elçin Sadıqov yekun çıxışında bildirdi ki, keçirilmiş proseslərdə Emin Hüseynovun iddiasında göstərilmiş bəndlər təsdiqini tapmışdır. Buna görə də o, iddianın təmin edilməsini hakimdən xahiş etdi.
Cavabdeh tərəflərin nümayəndələri M.Şahbarov və F.Əzimov isə E.Hüseynovun qaldırdığı iddianın əsassız olduğunu deyərək, iddianın təmin olunmamasını istədilər.
Hakim İ.Şirinov bildirdi ki, növbəti prosesdə tərəflərin replikaları dinləniləcək və qərar veriləcək. Növbəti proses  16 iyun 2009-cu il, saat 17:30-a təyin edildi.
Xatırladaq ki, Emin Hüseynov 14 iyun 2008-ci il tarixdə “Alaturka” restoranında olan dinc toplantıya polis müdaxiləsinin, jurnalist fəaliyyətinə müdaxilənin, 22-ci polis bölməsində saxlanmasının, bölmədə fiziki və mənəvi təzyiqə məruz qalmasının və bu işlə bağlı səmərəli araşdırma aparilmamasının qanunsuz hesab edilməsi və səhhətinə dəymiş zərərə, həmçinin mənəvi sarsıntılara görə cavabdehlərin hər birindən 150.000 (bir yüz əlli min manat) AZN alınaraq ödənilməsini məhkəmədən xahiş edib.
 Qeyd edək ki, E.Hüseynov 14 iyun  2008-ci il tarixində “ Alaturka” restoranında “Çe Gevara Fanatları Klubu”-nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən Emin Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

EYNULLA FƏTULLAYEVİN AZAD OLUNMASI TƏLƏBİ İLƏ LONDONDA AKSİYA KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.