Azadlıq Naminə Cəza Çəkənlər

turme

Bəyanat

“Azərbaycan insan hüquqları baxımından özünün ən pis ilini başa vurmaq və yeni ili onlarla siyasi məhbus və vicdan məhbusları ilə qarşılamaq üzrədir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib. Bu il hökumət tərəfindən qanunlara bir sıra məhdudlaşdırıcı dəyişikliklərin edilməsi, jurnalistlərin və azad söz fəallarının təqibi, QHT-lərin fəaliyyətinə müdaxilələr və siyasi əks düşüncənin boğulması ilə yadda qalıb.

Azərbaycan vətəndaşları yeni ili öz ailələri və dostları ilə birlikdə keçirməyə hazırlaşarkən, doqquz jurnalist, iki blogger və üç hüquq müdafiəçisi bayramı dəmir barmaqlıqlar arxasında tənha keçirəcəklər. Onlar ifadə və sərbəst toplaşma azadlıqları ilə bağlı olaraq siyasi motivli ittihamlarla həbs olunublar və onlardan bəziləri həbsin ilk həftələrində işgəncəyə məruz qaldıqlarını bildirirlər.

“Bizim Yol” qəzetinin müxbiri Pərviz Həşimli sentyabrın 17-də evində altı ədəd oldu silah və sursat aşkar olunduğu iddiası ilə həbs olunub. Jurnalist həbsinin səbəb olduğu böyük psixoloji stress nəticəsində onun həyat yoldaşı İlahə Həşimovanın dünyaya gəlməsi gözlənilən körpəsi düşüb.   

Jurnalist Əvəz Zeynallının qızları 12 yaşlı Selcan Zeynallı və 10 yaşlı Banuçiçək Zeynallı atalarının doğrunu söylədiyinə görə həbs olunduğunu düşünürlər. Onlar ədalət uğrunda  mübarizəsinə görə ataları ilə fəxr edirlər, ancaq bayramlarda ondan ayrı olmağın məyusluğunu yaşayırlar.

Tanınmış hüquq müdafiəçisi Anar Məmmədliyə də yeni ili ailəsi ilə qarşılamaq imkanı verilmir. Müstəqil seçki müşahidə təşkilatı “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin sədri olan Məmmədli oktyabrda keçirilmiş prezident seçkiləri zamanı baş vermiş pozuntuları ifşa etdiyinə görə həbs olunub. Məhkəmə tərəfindən təqsirli bilindiyi təqdirdə Məmmədli ona qarşı irəli sürülmüş üç ittiham üzrə 16 ilə qədər azadlıqdan məhrum oluna bilər.

RATİ təəssüf hissi ilə bildirir ki, adları aşağıda qeyd olunan onlarla jurnalist, blogger, hüquq müdafiəçisi və gənc fəal yeni ili ailələrindən və dostlarından uzaqda, dəmir barmaqlıqlar arxasında keçirəcəklər:

  • Araz Quliyev, xeber44.com saytının baş redaktoru 
  • Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru 
  • Fərəməz Novruzoğlu, müstəqil jurnalist
  • Fuad Hüseynov, müstəqil jurnalist
  • Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin baş redaktoru 
  • Nicat Əliyev, azadxeber.net saytının baş redaktoru  
  • Pərviz Həşimli, “Bizim Yol” qəzetinin əməkdaşı
  • Sərdar Əlibəyli, “Nota Bene” qəzetinin baş redaktoru 
  • Tofiq Yaqublu, “Yeni Müsavat” qəzetinin əməkdaşı
  • Ilkin Rüstəmzadə, blogger
  • Rəşad Ramazanov, blogger
  • Anar Məmmədli, hüquq müdafiəçisi
  • Bəxtiyar Məmmədov, hüquq müdafiəçisi 
  • Qurban Məmmədov, hüquq müdafiəçisi 
  • Əbdül Əbilov, gənc fəal
  • Bəxtiyar Quliyev, gənc fəal
  • Daşqın Məlikov, gənc fəal
  • Məmməd Əzizov, gənc fəal
  • Rahib Hacıyev, gənc fəal
  • Rəşad Həsənov, gənc fəal
  • Rəşadət Axundov, gənc fəal
  • Şahin Novruzlu, gənc fəal
  • Ümid Abdullayev, gənc fəal
  • Üzeyir Məmmədli, gənc fəal
  • Zaur Qurbanlı, gənc fəal

Fundamental insan hüquq və azadlıqları, o cümlədən fikir və söz azadlığı (maddə 47), sərbəst toplaşma azadlığı (maddə 49), informasiya azadlığı (maddə 50) və birləşmə azadlığı (maddə 58) Azərbaycan Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.” Yenə də həmin maddədə qeyd olunur ki, “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.” BMT, Avropa Şurası və ATƏT-ə üzvlüyü çərçivəsində, habelə əsas beynəlxalq və regional insan hüquqları müqavilələrinə qoşulmaqla Azərbaycan öz üzərinə ifadə və informasiya azadlıqlarını qorumaq öhdəliyi götürüb.

Bunları nəzərə alaraq, RATİ Azərbaycan hökumətini ifadə, sərbəst toplaşma və birləşmə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq həbs olunmuş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır. RATİ, eyni zamanda, hökuməti ifadə, birləşmə və dinc toplaşma azadlığı hüququna hörmət etməyə və hüquq müdafiəçilərini, jurnalistləri və hakimiyyətə qarşı tənqidi fikirlərini dinc şəkildə ifadə edən bütün digər şəxsləri təqib etməməyə çağırır.

Previous Post

Anar Məmmədli ev dustaqlığına buraxılmadı

Next Post

Mərhum jurnalistin cinayət işinin icraatı dayandırılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.