PEN-KLUB GƏNC BLOGGERLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

“Pen-Klub” bloggerlər – Emin Milli (Abdullayev) və Adnan Hacızadə barəsində çıxarılmış həbs qərarına etiraz edib. Təşkilatın “Turan”a göndərilən bəyanatında deyilir ki, gənclər Azərbaycan hökumətini tənqid etdiklərinə görə həbs ediliblər.

“Azərbaycanın da iştirakçısı olduğu BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktının 19-cu maddəsinə uyğun olaraq, onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq” – deyə sənəddə vurğulanır. “Pen-Klub” öz üzvlərini Azərbaycan dövlət başçısı İlham Əliyevin, daxili işlər naziri Ramil Usubovun elektron ünvanına bloggerlərin azad edilməsi tələbi ilə müraciət göndərməyə çağırır. Həmçinin müraciətlərin bir nüsxəsini Azərbaycanın Londondakı səfiri Fəxrəddin Qurbanova göndərmək tövsiyə olunub.
Qeyd edək ki, Britaniya Pen klubu Londonda yerləşir və dünyanın bir çox ölkələrindən minlərlə jurnalist və yazıçını öz sıralarında birləşdirir.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.