PENİTENSİAR XİDMƏT MƏHKƏMƏYƏ VERİLİB

sentyabr 16th, 2010
Məhkumların Vaxtından Əvvəl Azad Edilməsi Hüquqları üzrə Təşəbbüs Qrupu cümə axşamı (16 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) mətbuat konfransı keçirib.

Qrupun koordinatoru Rəsul Cəfərov adı çəkilən məsələ ilə bağlı həcmi 5 min dollar olan layihənin icrasına bu ilin iyulundan başladıqlarını deyib.

Layihənin birinci mərhələsi məhkumlar arasında maarifləndirmə işini nəzərdə

tuturdu. Bununla bağlı qrupun məhkumlara treninqlər keçmək üçün ədliyyə nazirliyinin penitensiar xidmətinə müraciəti mənfi cavablandırılıb.

Eyni zamanda nazirlik qrupun vaxtından azad edilən məhkumların sayı barədə informasiya sorğusuna da cavab verməyib. Belə ki, penitensiar xidmət məhkumlara nazirliyin özünün treninqlər keçdiyini, ictimaiyyət nümayəndələrindən ibarət İctimai Komitənin cəzaçəkmə müəssisələrində məhkumlarla təmasda olduğunu bildirərək qrupa məhkumlarla təmasa icazə verməyib. Penitensiar xidmətin bu cavabından irəli gələrək qrup İctimai Komitədən bu məsələdə yardımçı olmasını istəyib.

Vaxtından əvvəl azad edilən məhbusların  sayı ilə bağlı informasiya sorğusuna gəlincə, penitensiar xidmət bu məsələni daxili xidmət sirri sayaraq cavablandırmaqdan imtina edib. Qrup təmsilçiləri hər iki halı informasiya almaq hüququnun məhdudlaşdırılması kimi dəyərləndirib. Konkret olaraq sorğuya mənfi cavab verilməməyi ilə bağlı Yasamal rayon Məhkəməsinə iddia ilə müraciət ediblər.

Bununla yanaşı qrup işini dayandırmadığını, sentyabrın 17-dən məhkumların yaxınları üçün “qaynar xətt”in fəaliyyətə başlayacağını bildiriblər. Qrup  yaxınlarını həbsxanadan vaxtından əvvəl azad etmək istəyən qohumlar maraqlı olduğu halda onlarla treninqə başlayacağını bildirir. Nəticə etibarilə qrup qohumlar maraqlı olduğu halda bu işlərdən birini Avropa Məhkəməsinə çıxarmağı nəzərdə tutur. Eyni zamanda bu məsələdə məhkumların qohumları məhkəmə proseslərinə başlayacaqları halda qrupa daxil olan vəkillər bu adamlara hüquqi yardım göstərəcəklər.

Qeyd edək ki, Beynəlxalq Ədalət Körpüsü təşkilatının dəstəklədiyi “Məhkumların vaxtından əvvəl azadlığa buraxılması üzrə ictimai təşəbbüslər” layihəsi bu istiqamətdə ictimai fəaliyyəti nəzərdə tutur.