PENİTENSİAR XİDMƏT BAŞ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA YAYIB

Bu gün (25 avqust) Ədliyyə Nazirliyi Penitensiar Xidməti  “Tolışi-sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, N.Məmmədov penitensiar müəssisədə olduğu müddətdə tibbi müayinədən keçirilib, səhhəti daim həkim nəzarəti altında saxlanılıb. Penitensiar Xidmətin məlumatında həmçinin bildirilir: 

“N.Məmmədovun vəziyyəti kafi olub, stasionar müayinə və müalicəyə ehtiyacı olmadığından o, bundan imtina edib. N.Məmmədov bu ilin iyulunda boyun və çiyin nahiyəsində ağrılarla bağlı Müalicə Müəssisəsinə daxil olub. O, boyun fəqərələrinin osteoxondrozu, sağ tərəfli çiyin pleksiti diaqnozu əsasında müalicə alıb. N.Məmmədov həmçinin Bakı şəhərinin baş endokrinoqu və digər qabaqcıl klinikaların aparıcı mütəxəssisləri tərəfindən tam kliniki, laborotor müayinələrdən keçirilib və ona lazımi müalicə kursu təyin edilib. N.Məmmədov yataq xəstəsi olmayıb və özünü müstəqil idarə edə bilib. Lakin 2009-cu il avqustun 17-də məhkumun vəziyyəti qəflətən pisləşib. Onda baş beyin və ürək fəaliyyətinin kəskin pozulması müşahidə olunduğundan xəstənin intensiv müalicəsinə nazirliyin həkimləri ilə yanaşı Səhiyyə Nazirliyinin reanimasiya sahəsində aparıcı mütəxəssisləri də cəlb olunub. Görülən tibbi yardımlara baxmayaraq, xəstənin ürək fəaliyyətinin pozulması proqressivləşib və məhkum N.Məmmədov elə həmin gün dünyasını dəyişib. Məhkəmə-Tibb Ekspertizasının ilkin rəyinə görə, N. Məmmədovun vəfatına damarların trombozu nəticəsində beyin qan dövranının kəskin pozulması səbəb olub”.
N.Məmmədovun vəkili Ramiz Məmmədov isə baş redaktorun yaşamaq hüququnun pozulduğunu deyib. Onun “Turan”a bildirdiyinə görə, ölüm faktı ilə bağlı yerli məhkəmələrə müraciət etmək fikrindədir. Vəkil həmçinin deyib ki, N.Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələri üzrə işi artıq Avropa Məhkəməsindədir.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında avqustun 17-də vəfat edib. Yaxınları onun lazımi səviyyədə müalicə olunmadığını və bu səbəbdən dünyasını dəyişdiyini bildirirlər. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

GƏNC BLOQÇULARA QALDIRILMIŞ CİNAYƏT İŞİ ÜZRƏ İBTİDAİ İSTİNTAQ YEKUNLAŞIB

Next Post

HUMAN RIGHTS WATCH TƏŞKİLATININ NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ İLƏ BAĞLI BAŞ PROKURORA VƏ ƏDLİYYƏ NAZİRİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.