GƏNC BLOQÇULARA QALDIRILMIŞ CİNAYƏT İŞİ ÜZRƏ İBTİDAİ İSTİNTAQ YEKUNLAŞIB

“Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli (Abdullayev) və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.

Bununla bağlı bu gün (24 avqust) Azərbaycan Media Mərkəzində keçirdiyi mətbuat konfransında vəkil İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, gənclərə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılsa da, istintaqın gedişində onlar həmçinin  CM-in 127-ci maddəsi ilə (qəsdən sağlamlığa az zərər vurma) də təqsirləndiriliblər.
“Elton Quliyevlə mən əvvəlcə hər iki gəncin vəkili olsaq da, istintaqın yekununda məlum olub ki,  mən yalnız Adnan Hacızadənin, Elton Quliyev isə Emin Millinin vəkili qismində fəaliyyət göstərə bilərik” – deyən vəkil vurğuladı ki, istintaqın gedişi çoxsaylı hüquq pozuntuları ilə müşayiət olunsa da, hələlik bu barədə geniş məlumat vermək istəmir. “İbtidai istintaq saxtakarlıqla və qanunsuz aparıldığından, həm Emin Milli, həm də Adnan Hacızadə ifadə verməkdən imtina ediblər. Digər məsələlərlə bağlı isə məhkəmə istintaqı zamanı tanış olacaqsınız” – deyə İ.Aşurov bildirdi.
  Adnan Hacızadənin atası Hikmət Hacızadə çıxışı zamanı bildirdi ki, ilk andan qanunsuzluqlarla müşayiət olunan bu işə məhkəmənin ədalətli qərar çıxaracağına ümid etmir: “Ancaq ədalətli qərara Avropa məhkəməsində də olsa, nail olacağıq” – deyə H.Hacızadə vurğuladı.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq avqustun 22-də başa çatıb.
Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,305/lang,az/

Video: http://www.irfs.az/content/view/2757/1/lang,az/

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİSLƏŞİB

Next Post

PENİTENSİAR XİDMƏT BAŞ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.