PİTER SEMNEBİ MÜXALİFƏTƏ ÜMİDİNİ İTİRMƏMƏYİ TÖVSİYƏ EDİR

  (Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebinin Turan agentliyinə eksklüziv müsahibəsi)
 Sual: Çərşənbə axşamı AXCP-Müsavat blokunun liderləri MSK-nı parlament seçkilərinə öz namizədlərindən ibarət böyük qrupu qeydə almaqdan əsassız imtinada ittiham edib.

    Analoji siqnallar digər bloklardan və müstəqil namizədlərdən də daxil olub. Bunun nəticələri necə olacaq, beynəlxalq təşkilatlar neqativ tendensiyaların qarşısının alınması üçün nə edə bilər?
Cavab: Əgər belədirsə, onda bunlar narahat doğuran məsələlərdir. Qeyd edim ki, qeydiyyat prosesi hələ başa çatmayıb. Odur ki, ümid edirəm ki, fikir ayrılığının aradan qaldırılması üçün vaxt var.
Mən Bakıya son iki səfərim zamanı hakimiyyətlə ciddi məsləhətləşmələr aparmışam. Mərkəzi Seçki Komissiyasının yaxşı hazırlaşdığını, beynəlxalq standartlara uyğun azad və ədalətli seçkiləri təşkil etməyə hazır olduğunu biləndə razı qaldım. Keçmişin bəzi dərslərindən nəticə çıxarılıb. İndi əməldə yaxşı niyyətlər həyata keçirilməlidir. Baş verən dəyişikliklər barədə onlar reallaşdıqca mülahizə yürüdəcəyik. Aİ də daxil olmaqla, beynəlxalq təşkilatlar vəziyyəti diqqətlə izləyir.
ATƏT/DTİHB-in seçkiləri müşahidə missiyası seçkilərdən sonra ətraflı hesabat təqdim edəcək. Əvvəl olduğu kimi, bu iradlar və məruzə Azərbaycanla seçki sahəsində növbəti dialoq üçün zəmin olacaq. Bu istiqamətdə iş noyabrın 7-dən sonra da davam etdiriləcək.
Sual: Müxalifət ehtimal edir ki,onun namizədlərinin qeydiyyatından imtina müxalifəti pulsuz efirdən məhrum etmək istəyilə bağlıdır. Bu, seçkilərin keyfiyyətinə necə təsir göstərə bilər?
Cavab: Qarşıdakı seçkilərdə informasiyaya çıxış imkanları və namizədlər üçün KİV-ə çıxış azad və ədalətli seçkilərin keçirilməsi üçün əsas şərtlərdir. Mən radio və televiziyada pulsuz efir vaxtının artırılmasının mümkünlüyü barədə məsələ qaldırmışam və özəl televiziya kanallarını seçkilərdə efir vaxtının ayrılması üçün daha fəal və məsuliyyətli rol oynamağa çağırmışam.  Düzdür, bu gün internet kimi müasir rabitə vasitələrinin köməyilə çox şeyə nail olmaq olar, lakin hökumət elektoratın yaxşı məlumatlandırılmasına yardım göstərməlidir. Bu sahədə uğurun göstəricilərindən biri seçicilərin bu seçkilərdə iştirakı üzrə göstərici olacaq.
     Sual: AXCP-Müsavat bloku oktyabrın 17-də seçkiqabağı mitinq keçirməyi planlaşdırır. Hakimiyyət hələlik icazə verməyib. Siz Azərbaycana səfəriniz zamanı toplaşma azadlığı məsələsini qaldırmısınız. Hakimiyyətin reaksiyası necə oldu?
     Cavab: Müvafiq hakimiyyət orqanları bu problemin həlli axtarışına tərəfdar olduqlarını
    bildiriblər. Biz ATƏT-in hakimiyyət orqanları ilə birlikdə problemin həllinə yönələn səylərini dəstəkləyirik. Bu yaxınlarda AXCP-nin qurultayının keçirilməsi yaxşı addım idi və biz ümid edirik ki, 17 oktyabr mitinqi növbəti addım olacaq.
     Sual: Rəsmi seçki kampaniyası oktyabrın 15-də başlayır. Hakimiyyət kütləvi qanun pozuntularını davam etdirəcəyi halda, müxalifət seçkiləri boykot edəcəyi ilə hədələyir. Belə olan halda Aİ-nin reaksiyası necə olacaq?
     Cavab: Mən seçkiqabağı müəyyən problemlərin olduğunu başa düşürəm. Lakin bütün namizədləri seçkilərdə iştirak etməyə və kampaniyanı davam etdirməyə çağırmaq istəyirəm. Son illər norma və qaydalar dəyişdirilib, yaxşılaşdırılıb. İndi onların icrasını təmin etmək zamanı yetişib. Çox ümid edirəm ki, müxalifət seçkilərdə iştirak edəcək və seçicilər səsverməyə gedəcək
Previous Post

JURNALİST PASPORT ALA BİLMİR

Next Post

DSK ÜZVÜ JURNALİSTƏ TƏZYİQ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.