İDDİAÇI MÜBARİZ MƏSİMOĞLUNU BAĞIŞLADI

fevral 13th, 2009
Bu gün (13 fevral) Yasamal rayon məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Məleykə Əsədova və Emil Carçıyevin iddiası əsasında “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçılar M. Əsədova və E. Carçıyev, cavabdehlər, Şakir Abbasov, Mübariz Məsimoğlu və onun vəkili Hidayət Rüstəmbəyli iştirak edirdi.
Prosesdə M. Məsimoğlu vəsadət qaldıraraq Yasamal rayon 27-ci polis bölməsinin rəisi Akif Nəbiyevin və istintaq zamanı onu müdafiə etmək məqsədi ilə kimin tərəfindən tutulması məlum olunmayan vəkillər Tofiq Aslanov və Ramiz Mirzəyevin məhkəməyə çağırılaraq dindirilməsini hakimdən xahiş etdi.  Hakim M. Hacıyeva vəsadəti qismən təmin edərək gələn proseslərdə vəkillər T. Aslanov və R. Mirzəyev məhkəmə dəvət edilməsini mümkün olduğunu bildirdi.
Proses zamanı iddiaçı M. Əsədova qarşı tərəfi bağışladığını bildirərək baş verən hadisə barədə danışmaqdan imtina etdi və gələcək məhkəmə proseslərində zərurət olası təqdirdə belə iştirak etməyəcəyini söylədi.
Daha sonra çıxış edən digər iddiaçı E. Carçıyev isə şikayət ərizəsində yazılanların həqiqətə uyğun olmadığını bildirərək  M. Məsimoğlu tərəfində döyülmədiyini və M. Məsimoğlunun hadisə zamanı söyüş sömədiyini  söyləyib. Hakim şikayət ərizəsini E. Carçıyevə göstərərək orada yazılanların ona məxsus olub-olmadığını soruşduqda isə E. Carçıyevin cavabı belə olub:” Mən Azərbaycan dilini yaxşı başa düşmürəm və mənə nə deyiblərsə onu da yazmışam”.
Hakim növbəti prosesdə məhkəmə tibb ekspertinin, şahidlərin və M. Məsimoğlunun adından çıxış edən vəkillərin dindiriləcəyini bildirərək prosesi 17 fevral saat 11:30-dək təxirə saldı.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğlu ilə Məleykə Əsədova və Emil Carçıyev arasında  mübahisə yaranıb.  İnsidentlə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində  M. Məsimoğluna qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi qaldırılıb.