MÜŞVİQ HÜSEYNOVUN İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

dekabr 28th, 2007
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Camal Ramazanovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı Müşviq Hüseynova qarşı irəli sürülmüş ittihamlarla bağlı məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında dövlət ittihamçısı Baxşəliyev Ehtiram və jurnalistlərin vəkilləri Vüqar Xasayev və Ramiz Musayev iştirak edirdi. Zərərçəkmiş qismində məhkəməyə dəvət edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Rizvan Əliyev naməlum səbəblərdən məhkəməyə gəlməmişdi.

      Hakim məlumat anketi üzrə Müşviq Hüseynova suallar verdi. Hüseynovdan “siz “Bizim Yol” qəzetində hansı vəzifədə işləmisiniz” sualını soruşduqda jurnalist cavab verdi ki, “mən həmin qəzetlə yalnız əməkdaşlıq etmişəm, məqalələr verib, qonorar almışam”. Hakim bildirdi ki, “məlumat anketində sizin bu qəzetdə sosial-iqtisadi şöbənin redaktoru olduğunuz qeyd edilib, biz bu məlumatı dəqiqləşdirərik”. Bundan sonra jurnalistin vəkili Vüqar Xasayev “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin və onun müavini Elçin Rüstəmovun şahid kimi məhkəməyə dəvət edilməsi və onların dindirilməsi haqqında vəsatət verdi. Vəkil vəsatəti belə əsaslandırıb: “həm Həziyevin, həm də Rüstəmovun istintaq zamanı Müşviq Hüseynovun qəzetin sosial-iqtisadi şöbəsinin redaktoru olması və Hüseynova bunu təsdiqləyən xidməti vəsiqənin verilməsi ilə bağlı ifadələri və Müşviq Hüseynovun özünün bu məsələ ilə bağlı istintaqa verdiyi ifadələr arasında kəskin ziddiyyətlər var. Həmin şəxslər öz ifadələrində Hüseynovun qəzetdə redaktor kimi çalışdığını və onun xidməti vəsiqəsinin olduğunu bildiriblər. İfadələrdən o da bildirilir ki, Müşviq Hüseynov qəzetdə əmək müqaviləsi və əmr olmadan sosial-iqtisadi yazılara görə məsul olub”. Hakim vəsatətlə bağlı dövlət ittihamçısının və Müşviq Hüseynovun mövqeyini soruşdu. Dövlət ittihamçısı vəsatətə etiraz etməsə də, hazırkı mərhələdə bu vəsatətin təmin olunmasının zəruri olmadığını bildirdi. Müşviq Hüseynov isə vəsatətlə razılaşdığını dedi və bildirdi ki, “mən qəzetdə redaktor olmamışam və məndə heç vaxt xidməti vəsiqə olmayıb”.