RATİ SƏDRİNİN PREZİDENTƏ AÇIQ MƏKTUBUNUN MƏTNİ

Cənab prezident,
 
Sizə məktub yazmağımın əsas səbəbi  yeni il ərəfəsində verəcəyiniz əfv fərmanı və bu əfv fərmanına heç də bütün jurnalistlərin adlarının salınmayacağı haqqında mətbuatda gedən məlumatlarla bağlıdır. 

Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, son dörd illik mənfi tendensiya ölkəmizdə söz azadlığı sahəsində vəziyyətin  günü-gündən pisləşdiyini göstərir. Bu müddət ərzində 100-ə yaxın jurnalist döyülmələrə və fiziki təzyiqlərə məruz qalıb. İki jurnalist qətlə yetirilib. 20-dək jurnalist isə həbsə atılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki,  hal-hazırda Azərbaycanda 9 jurnalist (Sakit Zahidov, Samir Sədaqətoğlu,  Rafiq Tağı, Fərəməz Allahverdiyev,  Rövşən Kəbirli, Yaşar Ağazadə, Eynulla Fətullayev, Qənimət Zahid və Müşviq Hüseynov) hələ də həbsdədir. Hesab edirəm ki, yuxarıda adlarını sadaladığım jurnalistlər Azərbaycan hakimiyyətinin siyasi sifarişləri əsasında həbs olunublar. Bunun nəticəsində həbs olunmuş junalistlərin sayına görə Azərbaycan dünyada ölkəmizə baş ucalığı gətirməyən 5-ci yerə ucalıb.  Hesab edirəm ki, bəzi jurnalistlərin adlarının əfv siyahısına salınıb, bəzilərinin isə salınmaması Sizin tabeçiliyinizdə çalışan uzaq görənliyi olmayan və köhnə düşüncəyə malik bəzi məmurların ideyasıdır.  Beş jurnalisti azadlığa buraxmaq, digər dörd nəfəri isə azad etməmək həbs olunmuş jurnalistlərin probleminin həll  olunması demək deyil. Üstəlik Sizin xoşməramlı addımınız yarımçıq atıldıqda,  bu onun heç bir uğurlu siyasi effektivliyinin olmaması ilə nəticələnəcək. Məlum olduğu kimi Azərbaycana rəsmi səfərlərlə gələn yüksək vəzifəli Qərb məmurları ilə görüşlərinizdə Siz  jurnalistlərin həbsinin tərəfdarı olmadığınızı və  özünüzün heç vaxt jurnalistlərə qarşı məhkəmə iddiaları qaldırmamağınızı misal çəkirsiniz. Mən sizin bu fikirlərinizi müsbət qarşılayıram. Beləliklə, Konstutisiyanın Sizə verdiyi səlahiyyətdən istifadə edib həbsdə saxlanılan 9 jurnalisti əfv edərək, Siz bütün beynəlxalq demokratik  ictimaiyyətə öz sözlərinizin səmimi olduğunu sübut edə bilərsiniz. Sizin ətrafınızda olan adamlar vurğulayırlar ki, prezidentə və əfv komissiyasına müraciət edən jurnalistlər əfv olunacaq. Hesab edirəm ki, özlərini  alicənab şəxs kimi qələmə verən şəxslər belə fikirləri söyləməklə böyük yalnışlığa yol verirlər.  Sözsüz ki, bəzi jurnalist  ərizə ilə Sizə müraciət edə bilər, digəri isə müəyən hisslərə görə müraciət etməz. Üstəlik mətbuatda səsləndirilən fikirlərə görə, əfv olunmaq üçün Sizə müraciət edən şəxslərin heç də hamısının əfv olunacağını tam əminliklə söyləmək mümkün deyil.           Bəzən hakimiyyətdən belə fikirlər səslənir ki, bəzi jurnalistlər konkret kriminal cinayətlərə görə həbsdədirlər. Lakin mən tam əminliklə deyə bilərəm ki, jurnalistlərə qarşı irəli sürülən narkotik saxlama , terrorizm, xuliqanlıq və cinayətə təhrik nəticəsində  rüşvətxorluq ittihamlarının arxasında hüquq-mühafizə orqanlarının ucuz saxtakarlıqları durur. Həbs olunmuş jurnalistlərin məsələsi, söz azadlığı sahəsində pisləşən vəziyyət haqqında səhifələrlə Sizə yazmaq olar. Lakin mən Sizdən  qarşıdan gələn bayramlar ərəfəsində bütün jurnalistləri azadlığa buraxmağı xahiş edirəm. Bir sözlə yaxşılıq etmək və bu yaxşılıqdan müsbət siyasi dividentlər qazanmaq istəyirsinizsə,  yaxşılığı yarımçıq etməyin.    Fürsətdən istifadə edərək,  Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl  bayramı münasibəti ilə təbrik edirəm! Sizə yeni ildə Azərbaycanın sağlam inkişafı naminə ölkəmizdə söz və mətbuat azdalığının bərqərar olunması istiqamətində   uğurlu addımlar atmağı arzu edirəm!
Previous Post

“JURNALİSTİN BAKI MƏHKƏMƏSİ” ADLI MƏQALƏ DƏRC OLUNUB

Next Post

MÜŞVİQ HÜSEYNOVUN İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.