BAŞ REDAKTORUN MƏHKƏMƏ HAZIRLIQ İCLASI YENİDƏN TƏXİRƏ SALINDI

may 12th, 2009
Bu gün (12 may) Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə Daxili İşlər nazirinin müavini, general-leytenant Zakir Həsənovun “Nota“ qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən məhkəmə hazırlıq iclası keçirilməli idi.

Lakin iddiaçı tərəfin məhkəmə hazırlıq iclasına gəlmədiyinə görə, hakim H.Məmmədov vurğuladı ki, iddiaçı tərəf artıq ikinci dəfədir ki, xəbərdarlıq etmədən məhkəməyə gəlmir. Bu səbəbdən növbəti hazırlıq iclasını 19 may 16:00-a qədər təxirə salan hakim bildirdi ki, iddiaçı tərəf bir daha hazırlıq iclasına qatılmasa, iddia rədd olunaraq və işə xitam veriləcək.
Xatırladaq ki, general-leytenant Zakir Həsənov “Nota“ qəzetinin son saylarında Daxili Qoşunlarla bağlı şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Sərdar Əlibəylini CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.