KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU ŞİKAYƏTÇİLƏRİ QƏBUL EDİB

Dünən (8 sentyabr) KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının formalaşdırdığı komissiya 10 şikayət ərizəsini araşdıraraq yekun qiymətləndirmə aparıb.

Şikayətçilər – “Reytinq”, “Xural”, “Türküstan”, “Yeni Xəbər” qəzetləri, Müstəqil İnformasiya Agentliyi (MİA), Reportyor İnformasiya Agentliyi (RİA.az), “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi, Regional İnsan Hüquqları və Media Mərkəzi ilə Şəmsi Əsədullayev adına Fondun təmsilçiləri də müzakirəyə dəvət olunublar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

     İclasda adıçəkilən qurumların müsabiqədə qalib elan olunmamasının səbəbləri açıqlanıb. Bildirilib ki, “Yeni Xəbər” qəzetinin dövriliyində problem olduğu üçün (fəaliyyətində müəyyən dövrdə fasilə olub), Müstəqil İnformasiya Agentliyi və Regional İnsan Hüquqları və Media Mərkəzinin təsis olunma tarixləri şərtlərə uyğun gəlmədiyi üçün (fəaliyyətə başlamalarının bir ili tamam olmayıb) onların layihələri müsabiqələrə buraxılmayıb. Şəmsi Əsədullayev adına Fondun, “Reytinq”, “Xural”, “Türküstan” qəzetlərinin, Reportyor İnformasiya Agentliyinin, “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin  layihələri isə eyni istiqamətlər üzrə başqa  layihələrdən az bal topladıqları üçün qalib elan olunmayıblar.

Komissiya ekspertlərin  bu layihələr barədə rəylərini qüvvədə  saxlayıb. Deyilən faktları və başqa iradları təsdiqləmək  üçün bütün lazımi sənədlər şikayətçilərə təqdim olunub. Eyni zamanda şikayətçilərin dilindən səslənən bəzi iradlar, faktlar, araşdırılmaq üçün qəbul edilib.

     Əvəz Zeynallı RATİ-yə onu da bildirib ki, apellyasiya komissiyasının üzvlərinin müşahidə Şurasında təmsil olunan şəxslərdən ibarət olması absurddur.

     Xatırladaq ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu reallaşdırdığı ilk müsabiqənin nəticələrini sentyabrın 1-də açıqlayıb. Müsabiqəyə təqdim edilən 112 layihədən 55-i qalib gəlib. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqədar təşkilatlar kateqoriyasına aiddir.

Previous Post

BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İCLAS TƏXİRƏ SALINIB

Next Post

ANS TELEKANALININ “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI İDDİASINA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.